Korona böhranı yeni vəziyyət yaradır
Hazırda Azərbaycanda yayılan delta ştammıdır
Delta ştammının Azərbaycanda yayılması ilə yeni karantin rejimi tətbiq olna bilər.
SəhərAzəri-nin məlumatına əsasən, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib ki, virus infeksiyalarında mutasiyalar aşkarlandığı zaman mövsümi xarakter daşıyır. Biz hazırda bilirik ki, respublikada yayılan delta ştammıdır.
Onun sözlərinə görə, delta ştammı ölkədə yoluxanların sayının artımına səbəb olur.
Departament müdiri qeyd edib ki, ölkədə 6 milyon ümumi doza vaksin vurulub və bu gün 24 faiz əhalimiz vaksinasiya olunmuş sayıla bilər.
Bu arada vəziyyətin gərginləşməsi ilə ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması nəzərdə tutulur.
Bunu APA-ya açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi-Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
Prezidentin köməkçisi qeyd edib ki, pandemiya hələ bitməyib. Yəqin ki, Operativ Qərargahın bu məsələ ilə bağlı qərarı olacaq.
Xatırladaq ki, son sutkada Azərbaycanda koronavirus infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb, 23 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib, 33431 nəfərin müalicəsi davam etdirilir.