Avq 24, 2021 17:10 Asia/Baku
  • Hakimiyyət fürsətləri itirməkdə ittiham olunur

Azərbaycan dövlətinin Krım Platforması Sammitində iştirak etməməsi siyasi dairələrdə qızğın mübahisələrə səbəb olub.

SəhərAzəri-nin məlumatına əsasən, avqustun 23-də Ukrayna paytaxtı Kiyevdə "Krım Platforması" sammiti keçirilib. ABŞ başda olmaqla, Böyük Yeddiliyə, NATO-ya və Avropa Birliyinə üzv olan bütün dövlətlər, üstəlik təşkilat olaraq Avropa Birliyi, NATO, Avropa Şurası kimi çox nüfuzlu beynəlxalq qurumlar Krım platformasının təsisçiləridir.

Təsis toplantısında 46 dövlətin və beynəlxalq təşkilatın, Avropa İttifaqının, NATO-nun nümayəndələri, o cümlədən 14 dövlətin başçısı iştirak edirdi. 

Ukrayna tarixində ən böyük beynəlxalq sammitdə Krımın işğalının ərazi bütövlüyü prinsipinə zidd olduğu, Krımın beynəlxalq birlik tərəfindən Rusiya ərazisi kimi tanınmayacağı, işğal davam edərsə Rusiyaya qarşı yeni sanksiyaların tətbiq ediləcəyi vurğulanıbdır.

Tədbirə Azərbaycan Respublikasının qatılmaması ciddi suallar doğurub və bir sıra siyasətçilər buna müxtəlif şərhlər vermişlər.

Xüsusilə də qeyd olunur ki, iştirakçı dövlətlərin bu beynəlxalq hüquq normasına birmənalı münasibəti Qarabağ nizamlanması prosesində Azərbaycan üçün həlledici əhəmiyyətə malik olsa da, Azərbaycan hakimiyyəti Rusiyanın mümkün reaksiyasından ehtiyatlanaraq bu fürsəti itirdi. Belə ki, Azərbaycan rəsmiləri “Krım platformasında” iştirak etməməklə Kremli əsəbiləşdirməməyə qərar veriblər. Əslində rus ordusunun Qarabağda olması Azərbaycanın müstəqil xarici siyasət imkanlarını məhdudlaşdıran gerçəklikdir. 

Ona görə də, iqtidarın mövqeyini müdafiə edənlər deyirlər ki, Krım Platformasına yüksək səviyyədə qatılsaydıq, bu tədbiri "antirusiya tədbiri" kimi qiymətləndirən Moskvanın qəzəbinə tuş gələ bilərdik.

Bununla belə Müsavat Partiyası Azərbaycan hakimiyyətindən "Krım Platforması" ilə bağlı yanlış mövqeyinə yenidən baxmasını qətiyyətlə tələb edib. Bildirilir ki, Krım Platformasına heç olmasa, aşağı səviyyəli təmsilçi göndərmək olardı, çünki Azərbaycan onsuz da Krımın ilhaqını tanımayıb və bunu Rusiya da bilir.

Bu mövzuda ən sərt mövqeyi isə Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ortaya qoyub. Partiya sədri bildirib ki, hakimiyyətin cəsarəti çatmadı ki, hamı kimi, gedib sammitdə iştirak etsin, mövqeyini dünyaya açıq bəyan etsin, yeni dostlar qazansın, Azərbaycanın ərazi bütövlüyünə beynəlxalq dəstəyi  artırsın. Bu səbəbdən Krım platformasında iştirak etməmək Azərbaycan üçün daha bir itirilmiş fürsət oldu. Çox paradoksal, məntiqsiz vəziyyət müşahidə olunmaqdadır.

Teqlər