Hansı ölkədə hansı qruplaşma tərkibində olduqları deyilmədən
DTX iki nəfərin həbsindən xəbər verib
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxsləri saxlanılaraq məsuliyyətə cəlb etdiyini bildirib.
SəhərAzəri-nin DTX-nın syatına istinadən xəbərinə görə, istintaqla Azərbaycan Respublikasının vətəndaşları Cumayev Mənsur və Cahangirov Nəsirin ölkə hüdudlarından kənarda, getdikləri dövlətin və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştirak etdikləri müəyyən edilib.
Aparılmış araşdırmalara əsasən məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov qanunsuz silahlı birləşməyə qoşulmaq məqsədilə 2011-ci ildə ölkəni tərk edərək qeyri-leqal yolla xarici dövlətin ərazisinə keçməklə orada fəaliyyət göstərən “Səlahəddin” dini ləqəbli şəxsin rəhbərlik etdiyi cinayətkar birliyə daxil olub və həmin silahlı qruplaşmanın tərkibində döyüş təlimlərində və əməliyyatlarında iştirak ediblər.
DTX-nın məlumatında sözü gedən şəxslərin hansı ölkəyə getdikləri və hansı terror qruplaşması tərkibində fəaliyyət göstərdiklərinə toxunulmayıb.
Məlumatda həmçinin üstündən 10 il keçməsinə baxmayaraq bu şəxslərin niyə məhz indi yaxalandıqlarının səbəbinə aydınlıq gətirilməyib.
Adları qeyd olunan şəxslərin istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və səmimi peşmançılıq hissi keçirdikləri bildirilir.
Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, İŞİD adlandırılan terrorçu vəhhabi qruplaşma İraqda yaradıldıqdan sonra Azərbaycan Respublikasında Səudiyyə Ərəbistanının adamları tərəfindən və bu dövlətin vəsaiti hesabına aparılan vəhabilik təbliğatlarının qurbanları həmin terrorçu qruplaşmaya qoşuldular. Onların necə ölkəni tərk etmələri və sonralar necə ölkəyə qayıtmaları da ciddi şübhələrə səbəb olub.