Sülhməramlıların komandiri Xankəndinə Ermənistandan gəlib
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin yeni komandanı Mixail Kosobokov bu gündən etibarən rəsmən öz vəzifəsinə başlayır. O Xankəndinə getməzdən öncə İrəvana səfər edib və Ermənistanın müdafiə naziri ilə görüşüb.
SəhərAzəri-nin verdiyi məlumata görə,General-leytenant Rüstəm Muradovu əvəz edən Rusiya sülhməramlılarının yeni komandanı Mixail Kosobokov Xankəndində öz vəzifəsinə başlamazdan öncə dünən Ermənistana səfər edib və Rusiyanın Ermənistandakı 102-ci bazasının komandiri, polkovnik Dmitri Ovçarovla birlikdə Ermənistanın müdafiə naziri Arşak Karapetyanın qəbulunda olub.
Görüşdə Rusiya Federasiyasının Ermənistandakı səfirliyinin müdafiə məsələləri üzrə attaşesi, polkovnik İqor Şerbakov da iştirak edib.
Ermənistan müdafiə naziri Rusiyanın bölgədəki hərbi-siyasi vəziyyətin sabitləşməsinə yönəlmiş səylərini, həmçinin Dağlıq Qarabağdakı sülhməramlı missiyanın səmərəliliyini yüksək qiymətləndirib.
Karapetyan Kosobokovu yeni vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona sülhməramlı missiyasını yerinə yetirməkdə uğurlar arzulayıb. Ovçarovu da hərbi baza komandiri təyin edilməsi münasibətilə təbrik edən erməni nazir, Ermənistanda yerləşən Rusiya bazasının böyük rolunu və əhəmiyyətini vurğulayıb.
Mixail Kosobokov buna qədər Cənub Hərbi Dairəsinin 58-ci Ümumqoşun Ordusunun komandan müavini postunu tutub.
General bir vaxtlar Rusiyanın Abxaziyadakı hərbi bazasının komandanı olub.
Həmçinin Mixail Kosobokovun adı Ukraynanın “Mirotvoreç” saytının məlumat bazasına daxil edilib. Ukrayna tərəfi Kosobokovu Donbasdakı separatçılara silah-sursat çatdırmaqda və Rusiya ordusunun hissələrini Ukrayna ərazisinə göndərməkdə ittiham edir.