Sərhədin delimitasiyası gündəmdən düşmür
Bakı və İrəvan sərhəd məsələsində razılığa gəliblər?
Ermənistanda eyni zamanda bir neçə rəsmi mənbə Moskvadakı danışıqların yekunlarına görə Azərbaycan və Ermənistanın delimitasiya və demarkasiya prosesinə başlamaq barədə razılıq əldə etdiyini bildirir.
SəhərAzəri Turan Xəbər Agentliyinə istinadən xəbər verir: Ermənistan parlamentinin müdafiə və təhlükəsizlik komitəsinin sədri Koçaryan İrəvanda keçirilən brifinqdə sərhəd məsələsi ilə bağlı danışıqlar aparılacağını təsdiq edib. O deyib: “Biz gərginliyin azaldılması və sülhün möhkəmləndirilməsi prosesini dönməyən prosesə çevirməliyik”.
Onun ardınca Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan da jurnalistlərə sərhədin delimitasiyası və demarkasiyası zərurətindən danışıb.
“Düşünürəm ki, müəyyən bir prosesə başlamaq lazımdır”, deyə o, Rusiya Federasiyası XİN-in mətbuat katibi Mariya Zaxarovanın Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyasına başlamaq zərurəti haqqında çağırışını şərh edərkən bildirib.
Qeyd edək ki, Mariya Zaxarova Moskvada keçirdiyi brifinqdə bildirmişdi ki, Rusiya Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası və demarkasiyası prosesi ilə bağlı təkliflərini Bakı və İrəvana təqdim edib.
Onun sözlərinə görə, Rusiya tərəfi 2020-ci ilin noyabrında və 2021-ci ilin yanvarında ən yüksək səviyyədə əldə edilən üçtərəfli razılaşmaların icrasına müvafiq olaraq bölgədə iqtisadi və nəqliyyat əlaqələrini paralel inkişaf etdirmək üçün Azərbaycan və Ermənistanla birgə səylərini davam etdirəcək.
Bu arada bəzi Ermənistan KİV-ləri gələcək sazişin bəndləri barədə məlumat yayıblar. Onların məlumatına görə, gələcək sülh müqaviləsində Qarabağın hər hansı statusu müəyyən edilmir, sərhədlər SSRİ dövrünün xəritələri əsasında müəyyən edilir, Rusiya sülhməramlı missiyasının müddəti uzadılır, Zəngəzur yolu açılır və Azərbaycan nəqliyyatın keçidinə görə ödəniş edəcək.
Rəsmi Bakı bu məlumatlarla, eləcə də Moskvadakı danışıqlar faktı ilə bağlı şərh vermir.