ATƏT Minsk Qrupu aktivlik görüntüsü yaradırlar
Həmsədrlər Azərbaycanı və Ermənistanı dialoqu davam etdirməyə çağırdılar
ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkələri xarici işlər nazirləri Ermənistan və Azərbaycan arasında Minsk Qrupu həmsədrlərinin himayəsi altında birbaşa dialoqun bərpasına dəstək ifadə edirlər.
SəhərAzəri-nin məlumatına əsasən, üç ölkənin XİN başçılarının birgə bəyanatında deyilir ki, həmsədr ölkələr regionda dayanıqlı sülhü təşviq etmək üçün tərəfləri Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin sentyabrda Nyu-Yorkda və noyabrda Parisdə keçirilmiş görüşlərində başlayan dialoqu, həmçinin dövlət rəhbərləri səviyyəsində əlaqələri davam etdirməyə çağırırlar.
Həmsədr ölkələr həmçinin Ermənistanı və Azərbaycanı təhrikedici ritorikadan və təxribat xarakterli hərəkətlərdən çəkinməyə çağıraraq öz öhdəlikləri və atəşkəs haqqında əldə edilmiş digər razılıqları tam yerinə yetirməyə çağırmışlar.
Üç nazir eyni zamanda "sərhədlərin delimitasiyası və demarkasiyası və iqtisadi əlaqələrin və nəqliyyat əlaqələrinin bərpası kimi nizamlanmamış digər məsələlərin həlli üzərində konstruktiv işləmək" zərurətini qeyd ediblər.
Həmsədr ölkələr eyni zamanda Ermənistana və Azərbaycandan istəyiblər ki, beynəlxalq humanitar hüququn tələblərinə riayət etməklə öhdəliklərini yerinə yetirsinlər.
Bundan əlavə həmsədr ölkələr gələcək qarşılıqlı fəaliyyətlər üçün gündəliklə bağlı razılıq əldə etmək məqsədi ilə ATƏT MQ həmsədrlərini ən qısa zamanda regionda qəbul etməyə, onlara vəziyyəti yerlərdə ilk əldən qiymətləndirmək imkanı verməyə çağırıblar.
Azərbaycan Respublikası ondan ehtiyatlanır ki, Minsk Qrupunun yenidən fəallaşması bu ölkəyə heç nə yaxşı vəd etmir və həmsədrləri daha çox Qarabağın statusu məsələsi maraqlandırır. Prezident Əliyev həmsədrlərlə son görüşündə onları çağırılmamış qonaq adlandırmışdı. Azərbaycanda əksər siyasətçilər sözü gedən qrupun buraxılmasını tələb edirlər.