Azərbaycan və Ermənistan liderlərinin görüşləri intensivləşir
Əliyevlə Paşinyan yenidən Rusiyada görüşə bilərlər
Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan ilin sonuna kimi yenidən görüşə bilərlər.
SəhərAzəri xəbər verir ki, bu barədə məlumatı Ermənistanın "Past" nəşri yayıb.
Past yazır ki, əldə olunan ilkin razılaşmalara əsasən, Ermənistan və Azərbaycan rəhbərliyi ilin sonuna qədər Rusiyada yenə görüş keçirə bilərlər. Əgər bu görüş baş tutsa, onda bu, yekun görüş olacaq. İlkin məlumata görə, görüş geniştərkibli formatda keçiriləcək. Ölkə başçıları ilə yanaşı, görüşdə üçtərəfli komissiyanın üzvləri, müdafiə və xarici işlər nazirləri iştirak edəcəklər.
Azərbaycan və Ermənistanın dövlət başçıları və Avropa İttifaqının sədri Şarl Mişelin üçtərəfli görüşü dekabrın 14-də Belçikanın paytaxtında baş tutub. Qafqaz ölkələrinin liderləri Brüsselə Şərq Tərəfdaşlığı sammitində iştirak etmək üçün gediblər.
Ondan əvvəl isə noyabrın 26-da Soçidə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Bəyanat imzalayıblar.
Bəyanatda deyilir: "Biz, Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2021-ci il noyabrın 26-da Soçi şəhərində görüşdük və Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tamamilə dayandırılması haqqında 2020-ci il 9 noyabr tarixli Bəyanatın, həmçinin regionda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası haqqında 2021-ci il 11 yanvar tarixli Bəyanatın yerinə yetirilməsinin gedişini müzakirə etdik.
Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli bəyanatların bütün müddəalarının bundan sonra ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduğumuzu təsdiq etdik və bəyanatlardan irəli gələn, həllini gözləyən məsələlərin tezliklə həllinə yönəlmiş birgə səyləri fəallaşdırmaq barədə razılığa gəldik.
Regionda vəziyyətin sabitləşməsinə və təhlükəsizliyin təmin edilməsinə Rusiya sülhməramlı kontingentinin mühüm töhfəsini qeyd etdik.