Kəlbəcərdə intihar etdiyi deyilən əsgərin anası:
“Bir adam özünü kürəyindən necə güllələyə bilər?”
-
intihar
Fevralın 8-də Masallı rayonu Ərkivan kənd sakini Səriyə Zöhrabova Bakıda Ədliyyə Nazirliyinin qarşısında oğlunun ölümünün araşdırılmasında ədalət tələbilə təkbaşına piket keçirib.
SəhərAzəri-nin məlumatına əsasən, Müddətli xidmət hərbi qulluqçusu, Qarabağ Müharibəsi iştirakçısı, "Kəlbəcərin azad edilməsinə görə" medalı ilə təltif edilmiş İlkin Zöhrabov Kəlbəcərdə aydın olmayan şəraitdə açılan atəşdən həlak olub. 2001-ci ildə anadan olan Zöhrabov 8 gündən sonra tərxis olunmalıydı.
Lakin hərbi istintaqın bildirdiyinə görə, 22 mart 2021-ci ildə gizir Mətləb Hacıyev tərəfindən işgəncə altında ölüm həddinə çatdırıldığına görə özünə atəş açıb,
Cinayət işində Hacıyevin tabeliyində olanlara kobud, fiziki güc tətbiq etməklə münasibəti barədə digər sübutlar da var. O həbs olunub, təqsirləndirilən şəxs qismində cəlb edilib.
Martın 30-da əsgərin cəsədi ailəsinə verilib. Mərhum səkkiz gün qarda çadırda qalıb.
Ailədə hesab edirlər ki, bəlkə Hacıyev Zöhrabovun ölümündə günahkar olmaya bilər. Səriyə Zöhrabova Turan-a bildirib ki, güllə oğlunun sinəsinə yox, kürəyinə dəyib. "Qoy, mənə göstərsinlər ki, bir adam özünü kürəyindən necə güllələyə bilər?", - qadın sual edir.
"Biz Hacıyevin mütləq mühakimə olunmasını tələb etmirik. Biz düzgün istintaq istəyirik, övladımızın ölüm səbəbinin üzə çıxarılmasını istəyirik. Hərbi prokuror və müstəntiq işi intihar üzrə aparırlar, amma biz buna inanmırıq. Qoy, onlar işi məhkəmədən alıb əlavə istintaqa qaytarsınlar", - o deyib.