İran səfiri İslam İnqilabının 43-cü ildönümü ilə bağlı Tehran-Bakı əlaqələri barədə məqalədə yazıb
Səfir: İran ilə Azərbaycanın qardaşlığı və dostluğu əbədidir +VİDEO
-
Seyid Abbas Musəvi
İranın Azərbaycandakı səfiri İslam İnqilabının 43-cü ildönümü ilə bağlı iki ölkə əlaqələrinə həsr etdiyi məqalədə iki ölkənin qardaşlığını və dostluğunu əbədi adlandırıb
SəhərAzəri-nin məlumatına əsasən, səfir Seyid Abbas Musəvi öz məqaləsində yazır ki, İran qonşu və qardaş ölkə olan Azərbaycan Respublikasına daima sülh, təhlükəsizlik, sabitlik və əmin-amanlıq arzulayır. Ortaq dini, mədəni və tarixi bağlılığı nəzərə almaqla İran İslam Respublikası ilə Azərbaycan Respublikasının qardaşlığı və dostluğu mahiyyətcə əbədidir.
“İki qonşu ölkə arasındakı 30 illik dostluq və qardaşlıq münasibətləri” adlı məqalədə deyilir: “İran İslam Respublikası balanslaşdırılmış və dinamik diplomatiyanın, qonşuluq siyasətinin, əsaslı olduğunu vurğulamaqla, iki ölkənin rəsmiləri arasında sıx əlaqələr, siyasi, hərbi və iqtisadi sahədə nümayəndə heyətlərinin çoxsaylı səfərləri və görüşləri bir tərəfdən əlaqələrin yüksək səviyyəsindən xəbər verir, digər tərəfdən də bütün bunlar, münasibətlərin və ikitərəfli əməkdaşlığın davam etdirilməsinə və genişləndirilməsinə güclü dəstəkdir.”
Cənab Musəvi bildirir ki, 2021-ci il noyabrın 28-də İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Zirvə Toplantısı çərçivəsində iki ölkə prezidentlərinin görüşü, münasibətlərdə dönüş nöqtəsi olmaqla yanaşı, iki qardaş ölkə arasında çox qısa sürən, İran və Azərbaycan Respublikası arasında dostluq münasibətlərinə heç vaxt dözməyənlərin düşmənçiliyindən qaynaqlanan bəzi süni anlaşılmazlıqlara son qoydu.
İki ölkənin yüksək səviyyəli rəsmilərinin qarşılıqlı görüşlərinin əhəmiyyətinə toxunan diplomat sonra yazır: İranın XİN başçısı Hüseyn Əmir-Abdullahiyanın Bakıya səfərinin ardınca, bu yaxınlarda İranın yol və şəhərsalma naziri Rüstəm Qasimi Azərbaycan Respublikasında səfərdə olarkən işğaldan azad edilmiş ərazilərə baş çəkdikdən sonra Azərbaycan Respublikasının rəsmi şəxsləri ilə birgə layihələrin icrasını, ikitərəfli əməkdaşlıq məsələlərini, o cümlədən İranın azad edilmiş ərazilərin yenidən qurulmasına yardımını və bu prosesdə fəal iştirakını müzakirə etdi, eyni vaxtda Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov isə Tehrana səfər edərək, İranın yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirib və müzakirələr aparmışdır.
Səfir ümid edib ki, yaxın gələcəkdə iki ölkə arasında Preferensial Ticarət Sazişinin imzalanması ilə 765 km ümumi sərhədə malik olan iki ölkə arasında iqtisadi və ticarət əlaqələri, yüksək səviyyədə olan siyasi əlaqələrə uyğun şəkildə daha da inkişaf edəcəkdir.
Məqalə bu cümlələrlə bitir: “İran İslam Respublikası ilə Azərbaycan Respublikası arasındakı ikitərəfli əlaqələr indiyədək heç vaxt olmadığı qədər yüksək səviyyədədir. İqtisadiyyat, ticarət, sənaye, kənd təsərrüfatı, təhsil və turizm sahələrində müxtəlif istiqamətlərdə, o cümlədən bütün region üçün prinsipial əhəmiyyət kəsb edən Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı mövcud çoxsaylı ikitərəfli sazişlər və layihələr bu həqiqəti təsdiq edir.”