Fev 14, 2022 09:05 Asia/Baku
  • Rusiya Azərbaycanın Aİİ-yə qoşulması üçün təşviqat aparır

Rusiya hökuməti Azərbaycan Respublikasının Avrasiya İttifaqına müşahidəçi qismində daxil olmasını mümkün sayır.

SəhərAzəri-nin məlumatına əsasən, Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mixail Yevdokimov TASS-a müsahibəsində Azərbaycanın Avrasiya İqtisadi İttifaqına müşahidəçi qismində daxil olmasının perspektivləri ilə bağlı sualı cavablayarkən deyib ki, Avrasiya İqtisadi İttifaqı Azərbaycanla istənilən formatda dialoq aparmağa hazırdır. Ötən ilin dekabrında Bakıda Azərbaycan Diplomatik Akademiyasının meydançasında Rusiya və Azərbaycan baş nazirlərinin müavinlərinin iştirakı ilə keçirilən ekspert müzakirələri bu mövzuya maraq olduğunu göstərdi. 

Evdokimov qeyd edib ki, Avrasiya İqtisadi İttifaqı onunla qarşılıqlı fəaliyyətdə maraqlı olan dövlətlər üçün açıqdır.

Bununla belə, o qeyd edib ki, “İttifaqla qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması haqqında qərar bütün üzv dövlətlərin və maraqlı tərəfin razılığı ilə və mümkün iqtisadi nəticələrinin hərtərəfli təhlilinin nəticələrinə əsasən qəbul edilir”.

Bir müddət əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Azərbaycanın sözügedən təşkilatda müşahidəçi status ala biləcəyi barədə demişdi: “Azərbaycanla qurum arasında istənilən formatda dialoqun inkişaf etdirilməsi qarşılıqlı ticarət əlaqələrin artmasına, regiondakı nəqliyyat yollarının açılmasına, iri infrastruktur layihələrinin həyata keçirilməsinə səbəb ola bilər”, - deyə Zaxarova vurğulayıb. 

Rusiya, təşkilatın inteqrasiya və əməkdaşlıq qurmaqda maraqlı olan dövlətlərin üzünə açıq olduğunu deyir. Azərbaycan isə Qarabağ məsələsi tam şəkildə həll olunmadan və ərazi bütövlüyünün Ermənistan tərəfindən tanınmasından qabaq Avrasiya İttifaqına qoşulmağa tələsmir. Bununla belə Rusiyanın rəhbərlik etdiyi qurumlara daxil olmaq üçün Bakının təzyiq altında olduğu ehtimallar sırasındadır. 

Teqlər