Mart 12, 2022 13:39 Asia/Baku
  • Ağ Ev öz maraqları üçün dinc xalqları qurban edir

Ədalət Partiyası Siyasi Şurasının üzvü Birləşmiş Ştatların öz maraqlarından ötrü dinc xalqları qurbanetmə siyasətini kəskin tənqid edib.

SəhərAzəri-nin məlumatına əsasən, Elxan Şükürlü bildirib: "ABŞ onun iradəsinə tabe olmayan ölkələrə qarşı sanksiya tətbiq edir və bir ölkənin rəhbərliyini cəzalandırmaq üçün bütövlükdə onun xalqı və iqtisadi münasibətlərdə olduğu digər ölkələrin əhalisini hədəf seçir!"

Partiya funksioneri qeyd edib ki, ABŞ-ın öz maraqları üçün dinc xalqları qurbanetmə siyasətiylə Rusiyanın işğalçı siyasəti arasında heç bir fərq yoxdur - hər ikisi eynimahiyyətlidir, hər ikisi nə hüquqa, nə ədalətə sığır və hər ikisində də qurbanlıq günahsız xalqlar, sadə əhalidir. Biri xəstəxanaları, uşaq evlərini bombardmanla dinc əhalini məhv edirsə, o biri də kütləvi yoxsulluq, qıtlıq yaratmaqla, iqtisadi münasibətləri dağıtma və təcridlə məhv edir!

Elxan Şükürlü hesab edir ki, əslində, sanksiyalardan əhalisi ziyan çəkən üçüncü ölkələr ABŞ-ı, Avropa İttifaqını məhkəməyə vermək, əhalisinə dəyən maddi ziyana görə bu dövlətlərdən kompensasiya tələb etmək haqqına sahibdirlər. Necə ki, Tramp vaxtilə koronavirusa görə, Çinin məhkəməyə verilməsinə çalışırdı.

O həmçinin deyib ki, ABŞ-ın Rusiyaya qarşı birbaşa silahlı münaqişədən yayınıb, iqtisadi savaş aparması bütün dünyada qeyri-leqal iqtisadiyyatı təşviq edəcək və solçuluğu, anti-Amerikanizmi xeyli gücləndirəcəkdir.

Teqlər