Mart 20, 2022 11:19 Asia/Baku
  • İlham Əliyev Novruz bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib

Azərbaycan Respublikasının prezidenti Novruz təbrikində bu bayramın ali dəyərlərin daşıyıcısına çevrildiyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Əliyevin Novruz təbrikində deyilir: Qədim köklərə malik Novruz bayramı Azərbaycan xalqının mədəni sərvətlər xəzinəsində layiqli yer tutur. Bu bayram ali dəyərlərin daşıyıcısına çevrilərək insanları vahid mənəviyyat ətrafında daim bir-birinə yaxınlaşdırmışdır.

Dövlət başçısının təbrik müraciətində həmçinin qeyd olunur: "Qloballaşma dalğasının vüsətli dövründə Novruz ənənələrinin müqəddəs ərməğan kimi uca tutulması və bütün rəngarəngliyi ilə yaşadılması çoxəsrlik mədəni irsimizə ehtiramımızın ifadəsidir. Vətənimizin ərazi bütövlüyü naminə canlarından keçmiş igid övladlarımızın xatirəsini bu bayram günlərində minnətdarlıqla yad edir, ölkənin müdafiəsində mətinliklə dayanan Azərbaycan əsgərinə təbriklərimi yetirirəm. İnanıram ki, hər birimiz yaz fəslinin yeniləşdirici ab-havası ilə həmahəng ruh yüksəkliyi və həmrəylik şəraitində qurub-yaratmaq əzmini nümayiş etdirəcəyik."

Qeyd edək ki, bu gün, martın 20-də  İran sivilizasiyasının yayıldığı ölkələrdə o cümlədən Azərbaycanda yaz fəslinin gəlişini özündə simvolizə edən el şənlikləri keçirilir 

İran, Əfqanıstan, Tacikistan, Özbəkistan və bəzi başqa şərq xalqları ilə yanaşı, Azərbaycan xalqı da baharın - yeni ilin gəlişini şənliklərlə qarşılayırlar.

2009-cu il sentyabrın 30-da Novruz UNESCO tərəfindən qeyri-maddi mədəni irs siyahısına daxil edilib. 

BMT isə 2010-cu ildə 21 martı “Beynəlxalq Novruz Günü” elan edib.

Bu il yaz fəsli Azərbaycana martın 20-də Bakı vaxtı ilə saat 19:33-də daxil olacaq.Novruz bayramı ilə əlaqədar ölkədə 9 gün ardıcıl iş olmayacaq

Teqlər