Amnesty International:
“Azərbaycanda jurnalistlər casus proqramı ilə izlənilir”
Martın 29-da Amnesty International hüquq-müdafiə təşkilatı dünyada insan hüquqları sahəsində vəziyyətlə bağlı illik hesabatı dərc edib. Azərbaycana aid hissədə göstərilir ki, 2020-ci il ərzində Azərbaycan hökumətini tənqid edənlərə qarşı təqiblər, onlara təzyiqlər, dinc etirazların dağıdılması davam etdirilib.
SəhərAzəri-nin Turana istinadla verdiyi məlumata görə, hesabatda deyilir: “Hüquqazidd məhdudiyyətlər hüquq müdafiəçilərinin və qeyri-hökumət təşkilatlarının fəaliyyətini çətinləşdirib. Gender zorakılığı, işgəncələr, pis rəftarın digər formaları geniş yayılıb”,
“Həmçinin hökumətin NSO Group casus proqramı vasitəsilə yüzlərlə jurnalisti, fəalı izləməsi faktları da qeyd edilir.”
“Bundan əlavə, beynəlxalq jurnalist araşdırması ilə hakim ailə üzvlərinin offşor şirkətlər vasitəsilə Londonda 700 milyon dollarlıq mülkiyyət alması müəyyən edilib.”
Hesabatda 2021-ci ilin martında 625 məhbusun, o cümlədən 38 siyasi məhbusun əfv edildiyi də göstərilir: “Amma hakimiyyət tənqidçilərinin siyasi motivli təqibi və sıxışdırılması səngiməyib, qurbanların çoxu hələ də həbsdədir”- deyə hesabatda bildirilir.
Azərbaycan hakimiyyəti Amnesty International-ın son hesabatını hələlik şərh etməyib, lakin bundan öncə insan hüquqlarının pozulması ilə bağlı iddiaları rədd edərək bildirib ki, fundamental azadlıqlara tam şəkildə riayət edilir.