Apr 03, 2022 11:23 Asia/Baku
  • Azərbaycan Xankəndinin qaz təchizatına nəzarət etməyə çalışır

“Azəriqaz” qaz kəmərinin Xanəkəndinə gedən hissəsinin istiqamətini dəyişərək onu Azərbaycanın nəzarətində olan ərazilərdən keçirmək niyyətindədir.

SəhərAzəri-nin məlumatına əsasən, son həftələr Qarabağın mərkəzində rusiyalı sülhməramlıların nəzarətində olan Xankəndinin qaz təchizatında problem yaranıb.

Ermənistan və separatçılar Azərbaycanın nəzarətində olan regionda boru kəmərinin zədələndiyini və Azərbaycanın onun təmirinə icazə vermədiyini iddia edirlər.

Azərbaycan məsələni texniki problem kimi qiymətləndirib və ən azı iki həftə davam edən “qaz mübahisəsi” “Azəriqaz” şirkətinin boru xəttini təmir etməsindən sonra Xankəndində qazının tədarükü bərpa olunub.

Xatırladaq ki, keçmiş Sovet İttifaqında Dağlıq Qarabağın mərkəzinə gedən qaz xətləri Ağdamdan keçirdi. Lakin 1991-ci ildə başlayan münaqişə nəticəsində əraziyə qaz verilişi kəsildi. Ona görə 30 ildir ki, bu rayon Azərbaycanın nəzarəti altında olmadığından onun qazla təminatı Ermənistan tərəfindən həyata keçirilir. İkinci Qarabağ müharibəsi zamanı Qarabağa qaz verilişi dayandırıldı. Lakin 2020-ci il noyabrın 10-da Azərbaycan Respublikası, Ermənistan və Rusiya arasında üçtərəfli atəşkəs sazişinin imzalanmasından 12 gün sonra qaz verilişi yenidən bərpa edildi.

Ermənistan hələ də Dağlıq Qarabağın ermənilər yaşayan ərazilərini kommunal xidmətlər, o cümlədən qazla təmin edir və əraziyə qaz nəqlinin illik həcmi təxminən 50 milyon kubmetrdir.

Ermənistanın ildə 2,5 milyard kubmetr qaza ehtiyacı var ki, bunun da 2 milyarddan çoxu Rusiyadan gəlir.

Rusiyanın “Qazprom” şirkətinin törəmə şirkəti olan “Qazprom Ermənistan” ölkənin təbii qaza olan tələbatını ödəyən yeganə şirkətdir və həmin bu şirkət Qarabağın erməni bölgəsini də qazla təmin edir. Hazırda Ermənistan qaz kəmərinin böyük hissəsi Laçın dəhlizinə yaxın yerdən keçir. Qaz kəmərinin digər hissəsi isə Şuşadan keçərək Xankəndiyə daxil olur.

2020-ci ildə Ermənistanla Azərbaycan arasında 44 günlük müharibə nəticəsində qaz kəmərinin bir hissəsi Azərbaycanın nəzarətinə keçib. Şuşanın aşağı hissələrindən Xankəndiyə qədər olan kəmərin bir hissəsi hazırda Azərbaycanın nəzarətindədir.

Erməni tərəfi iddia edir ki, Azərbaycan bu əraziləri nəzarətə götürdükdən sonra qaz xəttini istədiyi vaxt bağlayır. Bakı isə bu ittihamları rədd edərək, kəmərin təmir prosesinin uzanmasının onun korroziyası və sürüşmə nəticəsində qaz sızması ilə bağlı olduğunu bildirib.

 “Azəriqaz” şirkəti cümə günü elan edib ki, Dağlıq Qarabağ Azərbaycan Respublikasının ərazisi olduğundan orada qaz infrastrukturunun tikintisi və yenidən qurulması yalnız Azərbaycan tərəfindən həyata keçirilə bilər.

Hazırda şirkət Xankəndiyə yaxın ərazilərdə infrastruktur layihələri həyata keçirməyi planlaşdırır və bu sahədə müzakirələrə başlanılıb.

Hazırda “Azəriqaz” şirkəti qaz kəmərinin istiqamətini daha artıq dəyişərək onu Azərbaycanın nəzarətində olan ərazilərdən keçirmək niyyətindədir.

Teqlər