Rəsmi İrəvan sülhə maneə törədirmi?
İlham Əliyev: "Ermənistan artıq razılaşdırılmış görüşü ləğv edib"
Azərbaycan Respublikasının prezidenti Ermənistan dövlətini razılaşdırılmış görüşü ləğv etdiyinə görə tənqid atəşinə tutub.
SəhərAzəri-nin məlumatına əsasən, İlham Əliyev mayın 18-də Bakıda Litva prezidenti Gitanas Nauseda ilə danışıqlardan sonra birgə mətbuata açıqlamasında bildirib ki, Ermənistan sərhədlərin delimitasiyası üzrə işçi qrupunun artıq razılaşdırılmış görüşünü ləğv edib.
Onun sözlərinə görə, Azərbaycan vaxtında işçi qrupu yaratdı və nümayəndə heyətini göndərməyə hazır idi. Bu, Ermənistan tərəfi ilə razılaşdırılmışdır. Yeri gəlmişkən, sərhəddə ilk görüşü Ermənistan Xarici İşlər Nazirliyi təklif edib. Azərbaycan bu təklifi qəbul etdi və nümayəndə heyəti göndərməyə hazır idi. Lakin son anda, aprelin 29-da Ermənistan razılaşdırılmış görüşü ləğv etdi. Bu, məyusedici məsələdir.
Dövlət başçısı qeyd edib ki, daha sonra Ermənistan Azərbaycanın 7-11 may tarixlərində təklif etdiyi görüşün yeni tarixindən də imtina edib və Azərbaycan indi işə başlamaq üçün Ermənistandan yeni tarix gözləyir.
Əliyev vurğulayıb ki, Ermənistanın belə məsuliyyətsiz mövqeyi narahatlıq doğurur.
Xatırladaq ki, aprelin 6-da liderlərin Brüssel görüşündən dərhal sonra Ermənistanı etiraz aksiyaları bürüdü və müxalifətçilər Paşinyan hökumətini Qarabağı Azərbaycana təhvil verməyə hazırlaşmaqda ittiham etdi. Buna cavab olaraq baş nazir ölkə parlamentində Qarabağla bağlı mövqeyini dəyişməyə məcbur olaraq hər hansı bir sülh sazişində Qarabağ ermənilərinin təhlükəsizliyi və hüquqlarının qorunacağına söz verdi. Bu isə istər-istəməz görüşlərin səmərəliliyini şübhə altına alır.
Eyni zamanda Qərb dövlətlərinin status məsələsində israrlı qalması və Rusiyanın sülh prosesini öz monopoliyasında saxlamağa cəhd etməsi də Ermənistan-Azərbaycan danışıqlarına neqativ təsir buraxır. Xüsusilə də rəsmi İrəvanın Rusiyadan icazəsiz Qarabağ məsələsində Bakı ilə hansısa sövdələşməyə getməsi inandırıcı deyildir.
Danışıqlarda fasilənin yaranmasında bu amillər rol oynayırlar.