Quru sərhədlərin bağlı qalmasında kimlər maraqlıdır?
Azərbaycanın quru sərhədləri koronavirus pandemiyası başlayandan bağlanıb. Hazırda dünyanın bir çox ölkəsi quru sərhədlərini insanların keçidi üçün açsa da, Azərbaycanın sərhədləri hələ də bağlıdır.
SəhərAzəri-nin Turana istinadən verdiyi məlumata əsasən, Azərbaycanda koronavirus infeksiyasına ilk yoluxma 2020-ci il fevralın 28-də aşkarlanıb. Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, 2020-ci ilin martından ölkənin quru sərhədləri bağlıdır.
Ekspertlərin firkincə, bu münasibət insanların hərəkət azadlığına ziddir və ölkədə koronavirusa yoluxma halları 10-20 nəfər arasındadırsa, sərhədlərdə xüsusi karantin rejimi tətbiq edilə bilməz.
Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli sual edir ki, "axı necə olur Formula 1 yarışlarına xarici vətəndaşlar quru yolu ilə Azərbaycana gəlib-qayıda bilir, ölkə vətəndaşlarının üzünə bu yollar artıq illərdir bağlıdır. Pandemiya arxada qalıb. Bütün ölkələr sərhədlərini açıb, turizmdə marağı olan ölkələr koronavirusla bağlı bütün test kağız-kuğuzundan imtina edib.” O hakimiyyəti ölkəni qapalı zonaya çevirməkdə ittiham edib.
"REAL" partiyasının siyasət komitəsinin üzvü, iqtisadçı Natiq Cəfərli Azərbaycana bütün qonşu ölkələrin quru sərhədlərini açdığına diqqət çəkib. Buna görə, sərhədlərin bağlı saxlanması məntiqsizdir. Onun sözlərinə görə, quru sərhədlərinin bağlı olması hava yolu daşıyıcılarının işinə yarayır, onlar qiymətləri kəskin şəkildə artırıblar.
"Turizm potensialını inkişaf etdirmək istəyən ölkə quru sərhədlərini bağlı saxlaya bilməz", deyə o qeyd edib.