“Güzəştli mənzil”də seçim prosesi yenidən təşkil olunacaq
MİDA-nın növbəti layihəsi - Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində 442 mənzilin "Güzəştli mənzil" sistemi ilə satışının nəticələri ləğv edilib.
SəhərAzəri-nin məlumatına əsasən,bu barədə iyulun 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birgə məlumat yayıb.
Bildirilir ki, başlanılmış cinayət işi üzrə bir neçə nəfər məlumatlara müdaxilə ittihamı ilə məsuliyyətə alınıblar: "...Müəyyən edilmiş halların "Güzəştli mənzil" sisteminin əsas iş prinsiplərinə zidd olması nəzərə alınaraq, 30.03.2022-ci il tarixində keçirilmiş mənzil seçiminin nəticələrinin ləğvi barədə qərar qəbul edilib".
Vurğulanır ki, satışın ədalətli keçirilməsi məqsədilə həmin 442 mənzilin seçimi yenidən olacaq: "Mənzil seçimi prosesinin yenidən təşkil olunacağı tarix barədə ictimaiyyətə məlumat veriləcək".
Hələlik rəsmi açıqlamaya, həmin seçimdə mənzil almaq hüququ alan şəxslər, həbs edilənlər və ya onların vəkilləri tərəfindən münasibət yoxdur.