Bir ölkədə iki president?
Azərbaycan torpaqlarında layihələri Arutunyan istifadəyə verir
Azərbaycan Respublikası ərazilərinin Rusiyanın nəzarətində olan hissəsində 30 ildir fəaliyyət göstərən qondarma rejimin “president”-i Xocalı rayonu ərazisində həyata keçirilməkdə olan bir sıra irimiqyaslı layihələrin icrası ilə tanış olub.
SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikasında fəaliyyət göstərən separatçı erməni nəşrləri rejim başçısının mətbuat xidmətinə istinadla bildiriblər ki, Arayik öncə Badara kəndi yaxınlığında tikilməkdə olan su anbarının ərazisinə gəlib.
Bir Respublikanın lazımı sturukturlarına malik olan qondarma rejimin “su komitəsi”nin sədri yerindəcə məlumat verib ki, “president”-in tapşırığı ilə işlər qrafikə uyğun olaraq yerinə yetirilib. 10 ay ərzində Xankəndinin suqəbuledici məntəqəsini qidalandıran yeni su kəməri istifadəyə verilmişdir. Hazırda 2025-ci ildə başa çatdırılması nəzərdə tutulan böyük su anbarının tikintisi üzrə işlər aparılır.
Azərbaycan Respublikası insanlarına qarşı qətliamla yadda qalan və 30 ildir bu faciədən canını qurtararaq qaçqın düşmüş insanların həsrətlə yad etdikləri və qayıda bilmədikləri Xocalı rayonunun “Ovsepavan” adlandırılmış Dərələyəz və “Astxaşen” adlandırılmış Daşbulaq kəndlərinə “president” tərəfindən baxış keçirilib. “Məsul şəxslər əmin ediblər ki, bu ilin sonuna kimi Əsgəran rayonunun(Xocalı rayonunun bir hissəsi-S.L.) yuxarı nahiyəsinin dörd icmasının sakinləri, eləcə də həlak olan hərbçilərin ailələri üçün nəzərdə tutulmuş iki qəsəbədə 150-dən çox fərdi yaşayış evi istifadəyə veriləcək”.
Azərbaycan Respublikasının rəsmi Bakının nəzarətində olmayan ərazilərinin “president”-i həmçinin bir il əvvəl əsası qoyulmuş müasir aqrotexniki qaydalara malik “Qrika Aqro” şirkətinin üzüm bağına, “Green Land-1” və “Green Land-2” şirkətlərinin xurma və heyva bağlarına, rusiyalı iş adamının 2021-ci ildə təsis etdiyi “dogma” kəndi Xanaabadda meyvə və giləmeyvə becərilməsi ilə məşğul olan "Ən yaxşı meyvə" soyuducu təsərrüfatına da baş çəkib.
Qanunsuz deyilərək fəaliyyətinə qarşı heç bir ölçü götürülməyən, Rusiyanın nəzarəti altında fəaliyyətinə razılıq verilən separatçı rejimin başçısı vurğulayıb ki, Qarabağda kənd təsərrüfatının intensiv inkişafının alternativi yoxdur” və rejim “müasir standartlara cavab verən təsərrüfatlar yaradan sahibkarları həvəsləndirməyə və dəstəkləməyə hazırdır” – xəbərdə belə deyilir.
Azərbaycan Respublikasının ən abad əraziləri hesab olunan Xankəndi və onun ətraf ərazilərində beləcə iri miqyaslı layihələrin haradan və necə maliyyələşməsi eləcə də oradakı insanların Azərbaycanın digər rayonları ilə müqayisədə daha firavan yaşamaları da ciddi sual doğurur. ABŞ və Avropanın bu ərazilərə ayırdıqları maliyyə yardımlar, Rusiyanın bir başa yardımları ilə yanaşı separatçıların regionda nümunəyə çevrilmək ambisiyaslarını reallaşdırır.