İyul 16, 2022 20:01 Asia/Baku
  • XİN Tiflis görüşü barədə məlumat yayıb

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidməti Ceyhun Bayramov və Ararat Mirzoyanın Tiflis görüşü barədə məlumat yayıb.

SəhərAzəri-nin məlumatına əsasən,Azərbaycan Respublikası XİN-in məlumatında deyilir:

16 iyul 2022-ci il tarixində Gürcüstanın paytaxtı Tbilisidə Azərbaycan Respublikası və Ermənistan Respublikasının xarici işlər nazirləri arasında ikitərəfli görüş keçirilib.

Nazirlər Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması ilə bağlı bir sıra məsələlərə toxunublar. Bununla bağlı, hər iki tərəf götürdükləri öhdəliklərin icrasını müzakirə edib, gələcək mümkün addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazir Ceyhun Bayramov qeyd edib ki, bütün səylər iki dövlət arasında silahlı münaqişənin həllindən sonra yaranmış post-münaqişə reallıqları əsasında Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin tənzimlənməsində irəliləyiş əldə olunmasına yönəldilməlidir. Bu kontekstdə Azərbaycan, Ermənistan və Rusiya liderləri tərəfindən imzalanmış Üçtərəfli Bəyanatların bütün müddəalarının icrasının, xüsusilə Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazisindən çıxarılmasının zəruriliyi vurğulanıb. 

Humanitar məsələlərə toxunan nazir Ceyhun Bayramov 4000-ə yaxın itkin düşmüş azərbaycanlının taleyinə aydınlıq gətirilməsinin vacibliyini diqqətə çatdırıb.

Nazirlər Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun davam etdirilməsinə əhəmiyyət verdiklərini vurğulayıblar.

Hər iki nazir görüşün Gürcüstanda təşkilinə görə gürcü tərəfinə minnətdarlıqlarını bildiriblər.

Teqlər