İyul 29, 2022 11:40 Asia/Baku
  • QMİ Məhərrəm ayının gəlib çatması münasibəti ilə bəyanat verib

Qafqaz Müsəlmanları İdarəsi Məhərrəm ayının gəlib çatması münasibəti ilə yaydığı bəyanatda bildirib ki, 1444-cü ilin başlanğıcı – Məhərrəm ayının 1-i Miladi təqvimi ilə 2022-ci il iyul ayının 30-na, Aşura günü isə avqust ayının 8-nə təsadüf edir.

SəhərAzəri-nin məlumatına əsasən,QMİ-nin məhərrəm ayının gəlib çatması ilə əlaqədar bəyanatında sonra deyilir: Əsrlər boyu Azərbaycanda ənənəvi olaraq qeyd edilən Məhərrəm ayının Aşura günü - İmam Hüseyn əleyhissəlamın ailəsi və səhabələri ilə birlikdə Haqq uğrunda şəhadətə yetişməsi dünya tarixində qəhrəmanlıq salnaməsi kimi dəyərləndirilməlidir. İslam fəlsəfi məktəbinə görə, Aşura - insana İman şüarı olan “Allahdan başqa ibadətə layiq heç bir varlıq yoxdur” zikrini əməli halda sübuta yetirən və İslam dininin yaşadılmasını təmin edən özəl günlərdən biridir.

Bəyanatda Kərbəla şəhidlərinin “yaxşılığa dəvət və pislikdən çəkindirmə” məfkurəsini bütün ümmət üçün əsl nümunəyə çevirdikləri xüsusu vurğulanır.

“Kərbəla şəhidləri din, Vətən və ailə şərəfi uğrunda fədakarlığın və mükəmməl əxlaqın parlaq təzahürünü yaratmışlar. Bu mənada İmam Hüseyn məktəbi - Allah, Vətən və xalq naminə şəhadətin nümunəvi göstəricisi, mənəvi-əxlaqi dəyərlər müstəvisində danılmaz yeri olan dini-tarixi örnəkdir”,- deyə bəyanatda bildirilir.

QMİ-nin bəyanatında əlavə olaraq deyilir: İmam Hüseyn əleyhissalamın müqəddəs xatirəsinin və Kərbəla müsibətinin nəsillərin yaddaşında yaşadılması imanın, əqidəyə sadiqliyin, Vətən, torpaq, ailə naminə şəhidlik məktəbinin əbədi təcəssümüdür.

Bəyanat məhərrəm ayının Azərbaycan Respublikası torpaqlarının işğaldan azad olunması dönəmində qeyd olunmasına diqqət çəkərək bildirir: “Həmd olsun Allaha ki, Məhərrəm ayını 30 illik Qarabağ həsrətinin sonu, illər boyu dualar etdiyimiz zəfər dönəmində qarşılayırıq.”

Bəyanatın sonunda məhərrəmlik mərasimləri zamanı müxtəlif alətlərlə bədənə xəsarət yetirmək, qan çıxarmaq və s. Bu kimi hərəkətlərin şəriətə görə icazəli olmadığı vurğulanır və dindarlar tibbi ehtiyaclar üçün Kərbəla şəhidlərinin xatirəsinə qan verməyə çağırılır. 

Bəyanatda həmçinin dini mərasimlərin məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməli olduğu bildirilir, pandemiyanın artım tendensiyasını nəzərə alaraq, məhərrəmlik ayinlərinin tibbi-profilaktik qaydalara uyğun şəkildə keçirilməsinə çağırılır.

“Allah yanında imanın, mənəviyyatın yüksək məqamlarından biri – ailə, torpaq və Vətən uğrunda şəhidlikdir. Məhərrəmlik dönəmində ibadət və dualarımızda Kərbəla şəhidləri ilə yanaşı Birinci və İkinci Qarabağ müharibəsində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş qəhrəman övladlarımızın, həmçinin 20 Yanvar və Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini yad etməklə şəhidlərimizə rəhmət, qazilərimizə şəfalar diləmək bizim vəfa borcumuzdur”, deyə Qafqaz Müsəlmanları İdarəsinin Məhhərəm ayının gəlib çatması ilə bağlı bəyanatında deyilir.

 

Teqlər