Rəsmi Bakının etirazı yenə də qulaq ardına vuruldu
Rusiya hərbçiləri erməni deputatları Laçına buraxıb
Rusiya hərbçiləri Köçəryan və Sərkisyan tərəfdarları olan deputatları Laçına buraxıb.
SəhərAzəri-nin məlumatına əsasən, erməni nəşri yazır ki, bu ilin yazında Fərruxdakı yüksəkliklərin Azərbaycan ordusu tərəfindən azad edilməsindən sonra baş vermiş insidentin, yəni bir qrup deputatın Laçın keçid məntəqəsindən geri qaytarılmasının təkrarlana biləcəyi qorxusuna rəğmən Ermənistan parlamentinin üzvləri bu dəfə dövlət sərhədindən maneəsiz keçiblər.
Bununla əlaqədar eks-prezident Robert Koçaryanın lideri olduğu "Hayastan" bloku üzvlərindən öncə digər eks-prezident Serj Sərkisyanın liderlik etdiyi “Şərəf duyuram” fraksiyasının üzvü Tiqran Abramyanın da Qarabağa yollandığı bildirilir.
Azərbaycan torpağına daxil olan erməni deputatlar arasında daha beş deputat da var. Onların Zabuğa və Laçın şəhərinə səfərləri nəzərdə tutulub.
Hraparak qəzeti yazır ki, bu gün onlar Xankəndində görüşlər keçirəcək. Lakin deputatlar səfərin təfərrüatlarını açıqlamamağa çalışırlar.
Belə çıxır ki, bu dəfə Rusiyanın Laçındakı keçid məntəqəsindəki hərbçiləri Ermənistan deputatlarını Zabuxa, Laçın şəhərinə və Xankəndində maneəsiz buraxıblar.