Avq 13, 2022 17:43 Asia/Baku
  • Azərbaycanda doğulanların sayı azalıb

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi (DSK) Azərbaycanda səhiyyəyə dair ötən ilin yekununa aid statistik göstəriciləri açıqlayıb.

Dövlət Statistika Komitəsinin məlumatında doğum və abort saylarındakı kəskin dəyişikliklər ayrıca diqqət çəkir. 2021-ci il boyunca 110 min 700 doğuş qeydə alınıb. Bu, ötən illərlə müqayisədə ciddi azalma deməkdir. 2020-ci ildə Azərbaycanda 125 minə yaxın, ötən illə müqayisədə 13 faiz çox doğuş qeydə alınmışdı. 2019-cu ildəki doğuş sayı isə 141 min nəfəri də aşmışdı. Bu o deməkdir ki, 2019-2021-ci illər ərzində Azərbaycanda doğuş sayı 30 min nəfər azalıb. Son 5 ildə doğuş sayında 50 min nəfərə yaxın azalma var.

Ötən il əhali artımının durumuyla bağlı diqqətçəkən bir məqam da qeydə alınan abort sayındakı kəskin artımdır. Həmin il 47 min abort olub. Daha bir il öncə - 2020-ci ildə bu rəqəm 34 min 700 idi. Deməli, bir il boyunca ölkədəki abort sayı 12 min nəfərdən çox və ya 35 faiz çoxalıb. Bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir.

Hökumət rəsmiləri son illərdə ölkədə təbii artımın azalması ilə bağlı bəzi açıqlamalar versələr də, bunun səbəbləri araşdırılmayıb. İctimai müzakirələrdə Azərbaycanda abort sayındakı artımın səbəblərindən biri kimi, uşağın cinsiyyətinə görə valideynləri tərəfindən yol verilən ayrı-seçkiliklə bağlıdır. Bu da qız uşaqlarının abort edilməsi ilə nəticilənir və ümumiyyətlə abort hallarının artmasına gətirib çıxarır.

Həmçinin son illərdə ölkədə sosial durumun pisləşməsi də həm abort hallarının artması həm də doğuş hallarının azalmasına təsir etmişdir. Son iki ildə ölkədə inflyasiyanın durmadan artması gözə çarpır. DSK-nın açıqladığı rəqəmlərə görə, Azərbaycanda qida inflyasiyası 21 faiz civarındadır. Nəzərə almaq lazımdır ki, ölkədə əhalinin xərclərinin yarıdan çoxu məhz ərzaq və qidaya gedir. Ötən il rəsmi qeydə alınan inflyasiya göstəricisi əhalinin gəlirlərinin artım tempini də üstələmiş, gəlirlər 2.6 faiz artdığı halda, istehlak qiymətləri indeksi 6.7 faiz olmuşdu. Başqa deyimlə, əhalinin real gəlirləri 4 faizdən çox azalıb. Bu baxımdan, həyat şərtlərinin pisləşməsi də əhalinin yeni uşaq dünyaya gətirməklə bağlı qərarının dəyişməsinə təsir göstərir.

Teqlər