Yenə müharibə veteranı intihara cəhd edib
Avqustun 18-də İkinci Qarabağ Müharibəsi veteranı Təbriz Abdullayev Samux Rayon İcra Hakimiyyətinin binası qarşısında özünü yandırmağa cəhd edib.
SəhərAzəri-nin Turan-a istinadən verdiyi məlumata görə, bu barədə Gənc Veteranlar İctimai Birliyinin sədri Hacı Vəliyev bildirib ki, bir ilə yaxındır Abdullayev sosial yardım üçün İcra Hakimiyyətinə müraciət edib. “Hər dəfə ona deyirdilər ki, yaxın vaxtlarda alacaq, bələdiyyədə isə veterana deyirdilər ki, vakant iş yeri yoxdur”, - Vəliyev bildirib.
Sonda veteran ümidsizlikdən son adımdı atıb.
Turanın məlumatında deyilir ki, özünü yandırmağa cəhd edən veteran ağır vəziyyətdə Bakıya aparıblar.
"Müayinədən sonra onun vəziyyətini qiymətləndirmək mümkün olacaq", - qurumdan bildiriblər.
Məlumatda o da bildirilir ki, Baş Prokurorluğun mətbuat xidməti Samuxda özünü yandırmağa cəhd faktını təsdiqləyib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma başlayıb. Prokurorluğun məlumatında intihara cəhdin səbəbləri açıqlanmır.
Samux Rayon İcra Hakimiyyəti isə hələlik baş verənlər barədə susub.