Ərzaq böhranı yarana bilərmi? Ekspertdən bədbin proqnoz;
Azərbaycanda çörəyin qiyməti 55 - 70 qəpik təşkil edəcək
Azərbaycan Respublikasında avqustun 19-dan etibarən un istehsalçıları 50 kq-lıq bir kisə unun qiymətini Bakı şəhərində artıq 40 manat 70 qəpik səviyyədə müəyyənləşdiriblər.
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanın iri un və çörək istehsalçılarının yaydığı birgə məlumatda bildirilir ki, un istehsalçıları çörək və un məmulatlarının qiymətini 2022-ci ilin taxılın biçin-tədarük dövrünədək göstərilən səviyyədən yuxarı qalxmaması üçün bütün səylərini səfərbər edib və ötən dövr ərzində ərzaqlıq buğdanın qiymətində artımlar baş versə də, unun qiymətində artım olmayıb. Bununla belə, dünya bazarında, həmçinin əsas idxal bazarlarında taxılın qiymət dinamikasında artımın davam etməsi qiymətlərin yenidən uyğunlaşdırılmasını zəruri edir.
Bu izahata rəğmən Turan Xəbər Agentliyinin məlumatına görə, iqtisadçı Rəşad Həsənov bildirib ki, inhisarçılıq və təchizatçı sayının az olması qiymətlərin optimallaşma imkanları məhdudlaşdırır. «Təəssüf ki, bu istiqamətdə də güya 2016-cı ildən islahatlar aparılır, amma bu islahatlar heç də real nəticələrə gətirib çıxartmayıb».
Ekspert qeyd edib ki, qiymət artımı davam edəcək. Xüsusilə payız aylarında təkcə kənd təsərrüfatı məhsullarından qaynaqlanan inflyasiya təzyiqi daha da güclənəcək. Eyni zamanda çörək qiymətinin psixoloji təsiri var. Çörəyin qiyməti qalxırsa digər ərzaq və qeyri-ərzaq məhsulları təklif edən şirkətlər üçün qiymət artırmasına münbit şərait yaranır.