Azərbaycanda qiymətlərin sürətlə qalxmasına səbəb nədir?
İnhisarçılıq və idxaldan asılılıq əsas səbəblər sırasındadır
Son günlər Azərbaycanda həm unun, həm də çörəyin qiyməti artıb. Bahalaşma rayonlarda daha kəskin görünür - son bir həftədə un təqribən 15 faiz bahalaşıb.
SəhərAzəri-nin məlumatına əsasən, bahalaşan təkcə un və un məmulatları deyil. Duru yağ, ət, sabun, şampun və başqa mallarda da qiymət artımı müşahidə edilir.
Dövlət Statistika Komitəsinin məlumatında deyilir ki, son bir ildə ərzaq mallarında inflyasiya təqribən 18 faiz olub. Amma iqtisadçılardan Nemət Əliyev və bir çox başqaları bu rəqəmin reallıqda 40 faizə yaxın olduğunu düşünürlər.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Rüfət Quliyev "Turan"a bildirib ki, Azərbaycan antiinflyasiya siyasəti həyata keçirir: "Yəni böhran dövrünün qarşısı alınır, dövlət müəyyən rıçaqlardan istifadə edərək həmin inflyasiya dalğalarını geriyə atır. Bundan əlavə, Azərbaycan hökuməti müəyyən inkişaf proqramlarını tətbiq edir. Bizim 240 hektardan ibarət 51 aqroparkımız var, onlara 3 milyard manat xərclənib. Həmin aqroparklar Azərbaycan aqrar iqtisadiyyatına bir forpost kimi xidmət edir".
İqtisadçı Rəşad Həsənov da bildirib ki, son iki ildə inflyasiya qlobal bir problemdir. Amma qeyd edib ki, Azərbaycanda inflyasiyanı sürətləndirən digər faktorlar da var: "Məhz Azərbaycan iqtisadiyyatının quruluşundan qaynaqlanan məsələlər səbəb hesab oluna bilər. İnhisarçılıq, liberal fəaliyyət imkanlarının olmaması, idxaldan asılılıq bazarda inflyasiya təzyiqlərini artıran Azərbaycana xas faktorlardır".
Onun vurğulamasına görə, xüsusilə inhisarçılıq və təchizatçı sayının az olması qiymətlərin optimallaşma imkanlarını məhdudlaşdırır: "Bu istiqamətdə guya 2016-cı ildən islahatlar aparılır, amma bu islahatlar heç də real nəticələrə gətirib çıxartmayıb".
Ekspert hesab edir ki, qiymət artımı davam edəcək.