Azərbaycanın Brüssel görüşündən gözləntisini açıqlanıb
Hikmət Hacıyev: Sülh sazişinin hazırlanması üçün işçi qrupu yaradılsın!
Azərbaycan və Ermənistan liderləri avqustun 31-də Belçika paytaxtında görüşəcəklər. Rəsmi Bakının Brüssel görüşündən gözləntisini açıqlanıb.
SəhərAzəri-nin məlumatına əsasən, jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Avqustun 31-də Avropa İttifaqı prezidentinin iştirakı ilə Azərbaycan və Ermənistan liderlərinin görüşü gözlənilir. Azərbaycanın bu görüşdə əsas gözləntisi sülh sazişinin hazırlanması üçün işçi qrupunun artıq fəaliyyətə başlaması ilə bağlıdır.
Dövlət rəsmisi deyib: "Avropa İttifaqı çərçivəsində keçirilən bu kimi görüşlərdə və sonuncu görüşlərdə üçtərəfli əsasda qəbul edilmiş bəyanatda qeyd olunub ki, sərhədlərin delimitasiyası və sülh müqaviləsinin hazırlanması üzrə qısa müddətdə işçi qrupları yaradılmalı və fəaliyyətə başlamalıdır: Azərbaycanın gözləntisi əsasən bundan ibarətdir. Ancaq görək Ermənistan tərəfi nə fikirləşir. Ermənistan tərəfinin yenə də müxtəlif bəhanələrlə mövzudan qaçmaq kimi siyasət yürütdüyünə dair müəyyən işarələr var. Hər bir halda, biz gözləyək və nəticələrə baxaq. Azərbaycanın əsas niyyəti xüsusilə sülh müqaviləsinin təfərrüatları və ümumi mətni üzrə danışıqlar prosesinin olmasıdır. Təbii ki, Azərbaycan sülh, sülh müqaviləsinin tezliklə imzalanmasını istəyir."
Onun sözlərinə görə, Azərbaycan istəyir ki, beynəlxalq hüququn norma prinsipləri əsasında iki dövlət arasındakı münasibətlər təsbit olunsun və regionda bunun əsnasında davamlı sülh təmin edilmiş olsun. Amma Azərbaycanın bu sülhpərvər niyyəti də həmişə və əbədi olaraq masa üzərində olmayacaq. Burada ana prinsip ondan ibarətdir ki, dövlətlər qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərinin toxunulmazlığını tanımalıdırlar. Xüsusilə də beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində sərhədlərin tanınması şərtdir. Azərbaycan beynəlxalq hüquqa məsuliyyətli formada yanaşaraq bu şərtlərə əməl etməyə hazırdır.