Laçın qəsbkarlardan təmizləndi
Ermənilər işğalçılığın acı nəticələrini yaşayırlar
Laçını tərk edən ermənilər qeyri-müəyyənlik içindədirlər.
SəhərAzəri-nin məlumatına əsasən, İkinci Qarabağ Müharibəsinin sonunda Sovet İttifaqı dövründə on minlərlə insanın yaşadığı kiçik şəhər olan Laçın təxminən 30 ildən sonra Azərbaycana qayıtsa da, rayonun mərkəzi və ətraf kəndlər rusiyalı sülhməramlı qüvvələrin nəzarətinə keçdi. Əsas həll olunmamış məsələ isə Laçın dəhlizinin həmin ərazidən keçməsi idi.
Müharibənin başa çatması müqavilələrinə əsasən, Ermənistan və Azərbaycan Laçından yan keçməklə yeni marşrutun çəkilməsi planı barədə qərar verdilər və bu iş üçün üç il müddət təyin olundu, lakin Azərbaycan öz öhdəliyini bir il tez yerinə yetirərək, alternativ yolu istifadəyə verdi. Ermənistan isə gecikmişdi, avqustun 3-də kəskin toqquşmalardan sonra Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakının Laçın dəhlizi ilə bağlı tələblərini qanunsuz adlandırıb Ermənistanın hələlik yeni yolun tikintisi ilə bağlı hər hansı planla razılaşmadığını bildirdi, amma rəsmi İrəvan çox tez öz mövqeyindən geri çəkildi.
Azərbaycanda hesab edirlər ki, Ermənistan bütün bu müddət ərzində planın təsdiqini və öz ərazisində tikinti işlərini qəsdən təxirə salıb.
Bununla belə avqustun əvvəlində qondarma DQR hakimiyyəti Laçın, Sus və Zabux kəndlərinin erməni sakinlərinə elan etdi ki, onlar avqustun 25-dək öz evlərini tərk etməlidirlər və bu torpaqlar nəhayət Azərbaycanın nəzarətinə keçməlidir.
Bu, baş tutdu və ermənilərin Laçını tərk etməsindən sonra avqustun 26-da ərazilər Azərbaycan ordusunun nəzarətinə keçdi.
Maraqlıdır ki, Ermənistanda həmin köçkün ermənilərə qırmızı xalça açan olmayıb və onların bir çoxu kompensasiya ala bilmədiklərini deyir.
Beləliklə də Laçını tərk etmiş sadə ermənilər işğalçılığın acı nəticələrini hiss etməyə məcbur olmuşlar.