Sen 05, 2022 11:12 Asia/Baku
  • Azərbaycan, Rusiya və İran nümayəndələri görüşəcəklər

Azərbaycan, Rusiya və İranın nümayəndələri Bakıda "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə həyata keçirilməsi nəzərdə tutulan işləri müzakirə edəcəklər.

SəhərAzəri-nin Sputnik Azərbaycan-a istinadən verdiyi xəbərə görə, Bu barədə məlumatı İranın Azərbaycandakı səfiri Abbas Müsəvi verib.

O bildirib ki, görüşdə Rəşt-Astara dəmir yolunun inşasının başa çatdırılması məsələsinə də baxılacaq.

Rəşt-Astara dəmir yolu "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas seqmentini təşkil edən dəmir yoludur. Bu, Avropa, Rusiya və Qafqaz dövlətlərini Fars körfəzi və Cənub Şərqi Asiya ölkələri ilə nəqliyyat baxımından birləşdirir. Avropadan Asiyaya və əks istiqamətə daşınacaq yüklər Qəzvin-Rəşt-Astara (İran) – Astara (Azərbaycan) dəmir yolundan keçəcək.

Bu yolun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə işlər davam edir. Azərbaycan, İran və Rusiya yolun Rəşt-Astara hissəsinin də tezliklə tikilib istifadəyə verilməsində maraqlıdırlar. Çünki bu yol Rusiya,Azərbaycan və İran vasitəsi ilə Asiyanı Avropaya birləşdirir və bu üç ölkəyə geniş tranzit imkanları yaradır.  

Bakıda keçiriləcək üçtərəfli görüş Rəşt-Astara yolunun tezliklə tikilib istifadəyə verilməsi üçün əhəmiyyətlidir.

Teqlər