Sərhəddə vəziyyət kövrək olaraq qalır
Azərbaycan Ordusunun Kəlbəcərdəki mövqeləri atəşə tutulub
Azərbaycan Respublikasını Müdafiə Nazirliyi bu ölkə ordusuna aid Kəlbəcərdəki mövqelərin atəşə tutulduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, bildirilib ki, ötən sutka ərzində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan bir neçə dəfə atəşə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.
Erməni tərəfi dərhal bu iddianı rədd edib.
Bu arada Azərbaycan Müdafiə Nazirliyində keçirilən xidməti müşavirədə Azərbaycan-Ermənistan dövlət sərhədində və Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi ərazidə əməliyyat şəraiti və mövcud vəziyyət geniş təhlil edilib.
Ermənistan silahlı qüvvələrinin son dövrdə Kəlbəcər və Laçın rayonları istiqamətlərində Azərbaycan Ordusunun mövqelərini intensiv atəşə tutması nəticəsində yarana biləcək gərginliyi xüsusi vurğulayan müdafiə naziri istənilən təxribatın qarşısının dərhal və qətiyyətlə alınmasına daim hazır olmağı əmr edib.