Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən
Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayılıb
Azərbaycan Respublikası Baş Prokurorluğu jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqovun rüşvət almalarına əsaslı şübhələr müəyyən edib.
SəhərAzəri-nin məlumatına əsasən, Baş prokurorluğun açıqlamasında deyilir ki, İstintaqla vəzifəli şəxs olan “Xural Yayınları” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru Zeynalov Əvəz Tapdıq oğlunun “Baku Steel Company” şirkətinin müşahidə şurasının sabiq sədri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində təqsirləndirildiyi cinayət işi üzrə barəsində məhkəmə baxışı davam etdirilən Məmmədov Rasim Hikmət oğlu haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Sadıqov Elçin Əli oğlunun vasitəçiliyi ilə Rasim Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış ilkin sübutlara əsasən Zeynalov Əvəz Tapdıq oğlu Cinayət Məcəlləsinin 311.3.3-cü və Sadıqov Elçin Əli oğlu Cinayət Məcəlləsinin 32.5, 311.3.3-cü (külli miqdarda rüşvət almaqda köməkçilik) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə onlara həmin maddə ilə nəzərdə tutulmuş ittiham elan edilmiş və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Bundan öncə Əvəz Zeynallının vəkil Elçin Sadıqov vasitəsilə həbsdə olan iş adamı, "Baku Steel Company"nin sabiq rəhbəri Rasim Məmmədovun ailəsindən 20 min manat rüşvət aldığı iddia edilmiş və səs yazısı yayılmışdı. Səs yazısını və iddianı artıq hökumət adamı kimi tanınan journalist Eynulla Fətullayev yaymışdı. E.Fətullayev daha sonra alınan vəsaitin geri qaytarıldığını da bildirmişdi.
Xatırladaq ki, Əvəz Zeynallı 2011-ci ildə də külli miqdarda rüşvət alma (311-ci maddə) ilə ittiham edilmiş və həbs olunmuşdu. Ona qarşı bu iddianı sabiq millət vəkili Gülər Əhmədova irəli sürmüşdü. Əvəz Zeynallı 3 il həbs yatandan sonra 2014-cü ildə əfv edilmişdi.