ABŞ-dan ünvanı bəlli olmayan humanitar yardım
ABŞ “münaqişə bölgəsində mövcud olan mina”-ların təmizlənilməsi üçün 2 milyon dollar vəsait ayırdığını bildirib.
SəhərAzəri-nin Turan-a istinadən verdiyi m əlumata görə, ABŞ Dövlət Departamentinin bəyanatında Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri ifadəsindən istifadə olunmadan və həmin ərazilərdə minaları basdıran ölkənin adı çəkilmədən belə deyilir: "Münaqişə bölgəsində mövcud olan mina və partlamamış sursatlar mülki əhali arasında ölüm və yaralanma hallarına səbəb olur, iqtisadi inkişafın qarşısını alır və məcburi köçkünlərin evlərinə təhlükəsiz qayıdışına maneə yaradır".
Bəyanatda ölkə yaxud qurum adı çəkilmədən ABŞ-ın yardımının minaların zərərsizləşdirilməsi sahəsində çalışan təşkilatlara aid olduğu bildirilir: "ABŞ-ın 2021-ci ilin noyabr ayında ayırdığı 500.000 dollarlıq yardımı ilə başlayan maliyyə dəstəyi minaların zərərsizləşdirilməsi sahəsində çalışan təşkilatların texniki bacarıqlarının artırılması və ərazilərin ölümcül mina və partlamamış sursatlardan təmizlənməsinə yönəlib ", deyə bəyanatda bildirilir.
Bəyanatda ABŞ-ın həmin yardımların davamında “münaqişə bölgəsində mövcud olan minalar”-ın təmizlənilməsi üçün növbəti 2 milyon ABŞ dolları məbləğində humanitar yardım ayrıldığını bəyan edilib.
Ayrılmış yardımla bağlı hər hansı təfərrüat açıqlanmır. Yardımın Ermənistana, Qarabağdakı separatçılara yaxud Azərbaycan dövlətinə veriləcəyi bəlli deyil. Bəyanatda qeyd olunan “minaların zərərsizləşdirilməsi sahəsində çalışan təşkilatlar” ifadəsi də tamamiylə qaranlıq təsəvvür yaradır.