Sen 14, 2022 12:45 Asia/Baku
  • Kəlbəcər və Laçın istiqamətlərində atışmalar davam edir - Yeniləndi

Rusiyanın vasitəçiliyi ilə atəşkəs elan olunsa da, Kəlbəcər və Laçın istiqamətlərində atışma və döyüşlər davam edir.

SəhərAzəri-nin məlumatına əsasən, sentyabrın 14-də Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti son durumla bağlı məlumat yayıb.

Məlumatda deyilir ki, Ermənistan silahlı qüvvələri atəşkəs barədə əldə olunmuş razılaşmanı yenə də pozaraq sentyabrın 13-dən 14-nə keçən gecə və bu gün səhər saatlarında Azərbaycan ordusunun Kəlbəcər və Laçın rayonları istiqamətlərində yerləşən bölmələrini müxtəlif çaplı minaatan və artilleriya qurğularından atəşə tutub. Azərbaycan SQ tərəfindən adekvat cavab tədbirləri görülür. 

Müdafiə Nazirliyindən onu da bildiriblər ki, erməni mətbuatında Azərbaycan Ordusunun bölmələrinin guya yaşayış evlərini atəşə tutması barədə yayılan məlumatın heç bir real əsası yoxdur.

Öz növbəsində, Ermənistanın Müdafiə Nazirliyi ötən gecə və bu gün səhər saatlarından etibarən Cermuk, Gorus, Sisian istiqamətində artilleriya və minaatan qurğulardan atəş açıldığını bildirib. 

Həmçinin "Qaragöl", İşxanasar dağı istiqamətində və Verin Şorja kəndi yaxınlığında döyüşlərin getdiyi bildirilir. 

Bu arada Azərbaycan Müdafiə Nazirliyi son döyüşlərdə həlak olan hərbi qulluqçuların siyahısını dərc edib. Həlak olanların 42-si Müdafiə Nazirliynin, 8-i isə Dövlət Sərhəd Qoşunlarının hərbi qulluqçularıdır.

Həlak olanların 2 nəfəri kapitan, 10 nəfəri leytenant, 17 nəfəri gizir, 3 nəfəri çavuş, 18 nəfəri əsgərlərdir. 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından isə bildiriblər ki, Azərbaycan beynəlxalq humanitar hüquqa və humanizm dəyərlərinə sadiqliyini nümayiş etdirərək 100-ə qədər Ermənistan hərbçisinin cəsədlərini birtərəfli qaydada qarşı tərəfə təhvil verməyə hazırdır.

Bununla əlaqədar Beynəlxalq Qızıl Xaç Komitəsi də məlumatlandırılıb.

Teqlər