Hikmət Hacıyev Armen Qriqoryanla görüşüb
ABŞ-da səfərdə olan Azərbaycan Respublikası prezidentinin köməkçisi Hikmət Hacıyev Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb.
Azərbaycan Respublikası prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ABŞ-da Birləşmiş Ştatlar Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan və Ermənistanın Təhlükəsizlik Şurasının (TŞ) katibi Armen Qriqoryanla görüşüb.
Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri bildirib.
“Bu gün mən Hikmət Hacıyev və Armen Qriqoryanı birbaşa və konstruktiv danışıqlar üçün qəbul etdim. Biz növbəti zorakılığın qarşısının alınmasının, vaxt məhdudiyyətli və məqsədyönlü danışıqların aparılmasının vacibliyini müzakirə etdik. Biz həmçinin sabit və davamlı sülhə dəstək olaraq irəliyə doğru konkret addımlar da müəyyən etmişik”, - Ceyk Sallivan qeyd edib.
Hikmət Hacıyev də Ermənistan TŞ katibi Armen Qriqoryanla görüşünə dair açıqlama verib. Azərbaycan Respublikası prezidentinin köməkçisi görüşdə sülh sazişi üzrə danışıqlar, sərhədlərin delimitasiyası, kommunikasiyaların açılması və humanitar gündəlik, ələlxüsus mina problemi və itkin düşmüş azərbaycanlıların məsələsinin müzakirə olunduğunu bildirib.
“Əsas məqam konkret vaxt çərçivəsində sülh gündəliyi üzrə səylərin davam etdirilməsidir”, - deyə Hacıyev jurnalistlərə qeyd edib.