Vaşinqtondan Ermənistana dəstək
ABŞ Azərbaycanı öz qoşunlarını ilkin mövqelərinə geri çəkməyə çağırıb
ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Azərbaycanı yenidən qoşunlarını ilkin mövqelərinə geri çəkməyə çağırıb.
SəhərAzəri-nin məlumatına əsasən, ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Maykl Karpenter Vyanada verdiyi bəyanatda bildirib ki, Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanla hərtərəfli sülh sazişi istiqamətində işləməkdə dərindən iştirak edir.
O xatırladıb ki, ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan sentyabrın 27-də Ağ Evdə Azərbaycan prezidentinin müşaviri Hikmət Hacıyev və Ermənistanın Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla sülh prosesinin irəliləyişi üçün görüş keçirib. “Oktyabrın 4-də dövlət katibi Blinken Ermənistanın xarici işlər naziri Mirzoyan və Azərbaycanın xarici işlər naziri Bayramovla üçtərəfli görüş keçirib, o, etimadın möhkəmləndirilməsinə və danışıqlarda gələcək irəliləyişə təkan verib. Dövlət katibi həmçinin Ermənistan və Azərbaycanın davamlı sülh sazişinin əldə edilməsi istiqamətində atdıqları müsbət addımlara, o cümlədən Azərbaycandan 17 hərbi əsirinin Ermənistana qaytarılmasına görə minnətdarlığımızı ifadə edib”.
“Biz Ermənistan və Azərbaycanı danışıqlar masası arxasında həll edilməmiş məsələləri həll etməyə təşviq etməyə davam edirik. Ötən həftə sonu sosial media kanallarında Azərbaycan silahlı qüvvələrinin silahsız erməni əsirləri edam etdiyini göstərən dəhşətli videonun yayılması tam və qərəzsiz araşdırılmalıdır. Məhbuslara qarşı hər hansı sui-istifadəyə görə məsuliyyət daşıyanlar cavab verməlidirlər. 13 və 14 sentyabrda və yenidən sentyabrın 28-də atəşkəs rejiminin pozulması ABŞ-ı ciddi şəkildə narahat edir. Birləşmiş Ştatlar Ermənistan və Azərbaycanı davamlı atəşkəs rejiminə ciddi riayət etməyə, silahlı qüvvələrini geri çəkməyə və sülh yolu ilə həlli dəstəkləmək üçün sərhədlərin delimitasiyası üzrə danışıqları davam etdirməyə çağırır. Biz Azərbaycan qüvvələrini sentyabrın 12-nə keçən gecə hərbi əməliyyatlar başlayana qədərki ilkin mövqelərinə qayıtmağa dair çağırışımızı bir daha bildiririk. Sərhəd mübahisələri zorakılıqla deyil, danışıqlar yolu ilə həll edilməlidir”, - deyə ABŞ-ın ATƏT-dəki nümayəndəsi vurğulayıb.
Maykl Karpenter bildirib: “Biz itkin düşmüş şəxslərin probleminin həllində və qalan bütün hərbi əsirlərin geri qaytarılmasında gələcək irəliləyişi təşviq edirik”.