Ceyhun Bayramov Ermənistana öz iradını bildirdi
"Erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb"
Azərbaycanın XİN başçısı bəyan edib ki, Ermənistan tərəfindən hələ də üçtərəfli bəyanatlar tam icra edilmir, erməni hərbçiləri Azərbaycan ərazilərindən tam çıxarılmayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının Astana şəhərində keçirilən iclasında çıxışı zamanı bunu deyib.
O, iclas iştirakçılarını 44 günlük müharibə sonrası bölgədə yaranan yeni reallıqlar fonunda cari vəziyyət barədə, o cümlədən Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlı məsələlərlə bağlı məlumatlandırıb. O, münaqişənin bitməsinin, iqtisadi və kommunikasya əlaqələrinin bərpası yolu ilə bölgədə uzunmüddətli sülh və sabitliyiə nail olmaq üçün yeni imkanlar yaratdığını bildirib.
Nazir azad olunmuş ərazilərdə Azərbaycan hökuməti tərəfindən həyata keçirilən genişmiqyaslı quruculuq işlərindən, məcburi köçkünlərin öz evlərinə geri dönüşünü təmin etmək üçün görülən fəal işlərdən bəhs edib.
Azərbaycanın XİN rəhbəri sonra Ermənistan tərəfindən təxribatların davam etdirildiyini iddia edib və deyib ki, Ermənistanın bu hərəkətləri bölgədə sülh və sabitliyin təmin olunması səylərinə xələl gətirir.
Nazir söhbətinin sonunda Azərbaycan Respublikasının münasibətlərin normallaşması və danışıqlar prosesinin irəli aparılması istiqamətində Ermənistan tərəfindən real addımların atılmasını gözlədiyini söyləyib.