Qərb Azərbaycan qəbirlərinə qarşı vandallığa göz yumur
Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi beynəlxalq ictimaiyyəti ermənilərin Azərbaycan qəbirlərinə qarşı təhqiramiz hərəkətlərinə reaksiya verməyə çağırıb.
Son günlər sosial şəbəkələrdə radikal ermənilər tərəfindən Azərbaycan qəbirstanlıqlarının dağıdılması videoları yayılıb. Bu videolarda təhqiramiz ifadələrlə Azərbaycanlıların qəbirlərinə qarşı vandallıq aktları törədilir, qəbir daşları yük maşını ilə dağıdılır. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin Azərbaycan qəbirlərinə qarşı edilən vandallıq aktları ilə bağlı şərhində deyilir.
Şərhdə vurğulanır ki, Ermənistan bu addımlarla bu ərazilərdəki Azərbaycanlı izlərini tamamilə silməyə çalışıb.
Azərbaycan irsinin məhv edilməsi siyasətinin Ermənistanda dövlət səviyyəsində aparılmasını bildirən XİN-in şərhində deyilir ki, Ermənistan tərəf 30 illik işğal dövründə UNESCO missiyasının bölgəyə səfərinin qarşısını alıb.
Şərhə görə, radikal ermənilər tərəfindən törədilən bu vandallıq əməlləri kövrək post-münaqişə mərhələsində iki dövlət arasında normallaşma prosesinə zərbədir.
Tez-tez erməni abidələr və mədəni irslərin qorunmalı olduğuna dair Azərbaycan Respublikasına çağırış edən ABŞ və Fransa başda olmaqla qərb dövlətləri 30 ildir Azərbaycan mədəni irsinin məhv edilməsinə göz yumur. Onların təsiri altında olan beynəlxalq qurumlar da eyni siyasəti yeridir. Məhz buna görə də Azərbaycan Respublikası XİN-I Beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən Azərbaycanın mədəni irsinə qarşı törədilən vəhşiliklərə susmamağa çağırıb.