Azərbaycan Respublikasında
100 siyasi məhbusun siyahısı tərtib edilib
Noyabrın 4-də “Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda” İttifaq ölkədəki siyasi məhbusların yenilənmiş siyahısını açıqlayıb.
Siyasi məhbusların siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov hazırlayıblar.
Siyahıya 100 nəfərin adı daxil edilib, Sülh və Demokratiya İnstitutunun bəyanatında deyilir. Siyahını tərtib edənlər “siyasi məhbus” anlayışı üçün Avropa Şurası Parlament Assambleyasının müəyyən etdiyi meyarlardan istifadə ediblər.
Turan agentliyi Elşən Həsənova istinadla bildirir ki, siyahıda yeni şəxslər var - Demokratik.az saytının rəhbəri Osman Nərimanoğlu və dini mahnıların ifaçısı Vüqar Rəsul.
Nərimanoğlu 2022-ci il iyulun 5-də Goranboy və Göygöl rayonlarının Meliorasiya İdarəsinin məmurlarından və həkimlərdən pul tələb etmək ittihamı ilə həbs edilib.
Həbsdən sonra jurnalist bildirib ki, ittihamlar yalandır, dərc etdirdiyi ifşaedici materiallarda korrupsiya faktlarını açıqladığı şəxslər tərəfindən ona böhtan atılıb. Nərimanoğlu iddia edir ki, ittiham tərəfində pul tələb edilməsinə dair heç bir sübut yoxdur, Həsənov deyib.
Vüqar Rəsul 2022-ci il iyulun 18-də narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.
Rəsul ittihamları rədd edib. Hüquq müdafiəçiləri hesab edirlər ki, həbsin əsl səbəbi Rəsulun dini etiraz mahnıları səsləndirməsi olub.
Siyasi məhbusların yeni siyahısına görə 6 nəfər Jurnalist, 4 nəfər müxalifətçi, 5 nəfər siyasi mühacir, 18 nəfər dindar var. Tərtər və Gəncə işləri üzrə isə cəmi 54 nəfər həbsdə saxlanılır. Ömürlük mühakimə olunanlar isə 13 nəfər təşkil edir.