İran sərhədlərinin yaxınlığında tamaşa gedir
Son vaxtlar “cənubi azərbaycan” sözü dillərindən düşməyən Bakı mediası nədənsə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələri tərəfindən təlimlərin keçirildiyi sərhədləri İran sərhədi adlandırır və bir çox mövzular barədə olduğu kimi burada da təzadlı mövqe nümayiş etdirirlər.
Bakı mediasının hərbi təlimlərdən təqdim etdikləri şablon videolardır. Hansı ki, hamısı Müdafiə Nazirliyi tərəfindən təqdim olunur və hansısa jurnalist müşahidəsindən xəbər-ətər yoxdur.
Kino üçün çəkilişə bənzər təlim görüntüləri həqiqi mənada tamaşa təəssüratı yaradır.
Şəhərlərdə əsas yolların otay-butayını malalamaqla xarabalıqları gizlətməkdə xüsusi məharət nümayiş etdirən özünü səriştəli göstərmək üçün hər yeri maketə çevirən bu “kinosevər” rejim ölkənin kino sənətini məhv etsə də hər şeydən bir kino fraqmenti göstərməyi yaxşı bacarmışdır.
Elə məhz bu “bacarıq”-ın nəticəsidir ki, təqdim olunan tər-təmiz hərbi hissələr, parıldayan hərbi texnika, şık geyimdə olan hərbçilərdir, gizlədilən isə orduda dedovşina, əsgər intiharı, rüşvətxorluq, zorakılıq, vətən və torpaq uğrunda cismini fəda edən qazi intiharı və canını verən şəhid ailələrinin acınacaqlı durumudur.
Aktyorluqda “dövlət artisti” olan bu artist dövlətin media vasitələri arasında qaraçı rolunu real ifa edən bir televiziya kanalı isə təlim və şovun yerini dəyişik salaraq Arazın “bu tayı”nda təlim, “o tayı”nda isə şov görür.
Əli dəyənəkli quldur rolunda səhnə alan başqa bir media isə Türkiyədən də hansısa komandanın təlimlərə baxış keçirdiyini elə şişirdir ki, təlim keçirən tərəfin bütün əziyyətlərini bada vermiş olur və necə deyərlər qaş alan yerdə vurub gözünü çıxarır, elə lap 44 günlük müharibədə olduğu kimi.
Növbəti tülkü rolunda çıxış edən bir “internet səhifəsi” fantaziyalara qapılaraq bütün dünyanın onu oxuduğunu zənn edir və Türkiyə hərbi rəsmisinin təlimlərə qatılması xəbərini İranı qıcıqlandıracaq formada təqdim etməyin əziyyətini çəkir.
Amma onların bütün əməyini bada verən bir səhvləri var; sennari müəllifləri, operator, çəkiliş və buraxılış qrupları bir məsələni diqqətdən qaçırıblar ki, bu tamaşanın İranda heç baxanı yoxdur.