Noy 05, 2022 13:25 Asia/Baku

Azərbaycan Respublikası xarici işlər naziri İran mediasını Azərbaycana qarşı qeyri-dost fikirlər səsləndirməkdə ittiham edərək rəsmi Bakının bundan narahat olduğunu deyib.

Azərbaycan Respublikası xarici işlər naziri APA-nın müxbirinin sualına verdiyi cavabda İranla Azərbaycan arasında iqtisadi və nəqliyyat layihələrini müsbət qiymətləndirib.

Ceyhun Bayramov eyni zamanda rəsmi Bakının qonşu ölkələrlə bağlı siyasətini də açıqlayıb:

“Qonşu ölkələrə bağlı siyasətimiz ardıcıl, proqnozlaşdırıla bilən və açıqdır. Bütün qonşularımızla birgə normal münasibətlərimizin olması bizim bir nömrəli prioritetimizdir”-, Ceyhun Bayramov bildirib.

 

 “İran mediası tərəfindən Azərbaycana qarşı qeyri-dost fikirlər bizi narahat edir. Biz bunu iranlı həmkarlarımızla açıq müzakirə edirik. İranlı həmkarım bu məsələlərə həssaslıqla yanaşır, öz səlahiyyətləri çərçivəsində xoşagəlməz halların aradan qaldırılması istiqamətində addımlar atır. Bizim intensiv dialoqumuz var”, - XİN rəhbəri qeyd edib.

Azərbaycan Respublikası xarici işlər naziri bu reallığı da etiraf edib ki, "nəyisə korlamaq daha asandır, nəinki onu bərpa etmək." O əlavə olaraq belə deyib: "Azərbaycan tərəfi bütün lazımi addımları atacaq ki, iki ölkə arasında münasibətlər indiyə qədər olan müsbət məcrada davam etdin”

Ceyhun Bayramovun narahatlıq ifadə etməsi istər-istəməz bu atalar sözünü yada salır: Özünə bir iynə, yoldaşına çuvalduz.

Əgər rəsmi Bakını İranda bəzi mediaların qeyri-dost fikirləri narahat edirsə, İranı Azərbaycan Respublikasının özəl adlandırılan Tv-lərdən tutmuş, dövlət mediaları o sıradan da dövlət televiziyasından intensiv yayılan düşmən fikirlər narahat etməməlidirmi?

Görünür Azərbaycan mediaları sadəcə qeyri-dost fikir bildirməklə kifayətlənmir, onlar İranda terrora, dövlət çevrilişinə çağırırlar.

Bu təkəri çıxmış medialardakı çağırışlara, hakimiyyətə bağlı olan deputatlar, politoloqlar, jurnalistlər və siyasilərin cəlb olunması da təəccüb doğurmur ona görə ki, icazəsiz bir kəlmə belə danışmayan bu məşhurlar icazəni lap dövlət başçısının özündən alıblar.

İran mediasının qeyri-dost fikirlərindən narahat olan rəsmi Bakı Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2022-ci il oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevlə görüşündə İrana qarşı qeyri-dost, daha doğrusu müdaxiləçi bəyanat verdiyini görməzlikdən gəldiyinə görədir ki, Ceyhun Bayramov  “Qonşu ölkələrə bağlı siyasətimiz ardıcıl, proqnozlaşdırıla bilən və açıqdır” deyə bilir.

Əlbəttə hazırkı iqtidarı Ayaz Mütəllibov və Elçibəy hökumətlərinin davamı hesab etsək rəsmi Bakıdan İrana qarşı separatçı siyasəti “proqnozlaşdırıla bilən və açıq” hesab etmək mümkündür.

1991-ci ildə Azərbaycan Respublikasının dövlət televiziyasından yayımlanan Vətən proqramında İrana qarşı ərazi iddiası irəli sürüldü ancaq İranın etirazından sonra Ceyhun Bayramovun o vaxtkı sələfi rəsmi şəkildə üzrxahlıq məktubu ünvanlayaraq mediada bir daha İrana qarşı bu kimi halların baş verməyəcəyini vurğulamışdır.

Müdaxiləçi, məsuliyyətsiz ərazi iddiaları və separatçı bəyanatların onu səsləndirənlərə heç bir müsbət nəticəsi olmur. Buna Ermənistan nümunəsini göstərmək kifayət edər.  

Ona görə də fantaziyalara qapılmaqdansa, reallıqları düzgün qiymətləndirmək daha məqsədə uyğundur həm də ona görə ki, "nəyisə korlamaq daha asandır, nəinki onu bərpa etmək. " 

Teqlər