Dek 22, 2022 17:29 Asia/Baku
  • Nəsimi Məmmədli: Naxçıvanda çox sərt avtoritar rejim olub

Siyasi şərhçisi Nəsimi Məmmədli Turan Xəbər Agentliyinə bildirib ki, Naxçıvanda xan-təbə münasibətlərinə birdəfəlik son qoyulmalıdır.

SəhərAzəri-nin məlumatına əsasən, Nəsimi Məmmədli bu barədı deyib: “Vasif Talıbov əslində Azərbaycan müstəqilliyini əldə etdikdən sonra Naxçıvanda demək olar ki, hakimiyyətə gəlmiş və ən uzunömürlü hakimiyyətdə olan şəxslərdən biridir. Onun Naxçıvanda hakimiyyəti təqribən 27 il hökm sürüb. Bu hakimiyyət əslində vətəndaş-dövlət münadibətləri yox, daha çox xan-təbə münasibətləri şəklində olub. Təsadüfi deyil ki, onu Naxçıvan xanı adlandırırdılar”.

Politoloqun fikrincə, Azərbaycanda bütün bu illər ərzində avtoritar rejim olub. Amma Naxçıvanla bunu müqayisə etmək mümkün olmayıb. Naxçıvanda o qədər sərt avtoritar rejim olub ki, onun ucbatından minlərlə insan Türkiyəyə, Bakıya qaçıblar. Bununla yanaşı təsəvvürə gəlməyənə qədər böyük məbləğdə dövlət vəsaitləri mənimsənib.

Ekspert Vasif Talıbovun dolayısı ilə Ərdoğanın təlimatı əsasında vurulduğuna diqqət çəkib. “Naxçıvandakı rejim daha çox İran və Rusiya ilə sıx əlaqəsi olan bir rejim idi. Ola bilsin ki, Azərbaycanla Türkiyənin daha çox yaxınlaşmasının burada rolu var”, - deyə Nəsimi Məmmədli vurğulayıb.

Politoloq qeyd edib ki, Naxçıvanın statusu ilə bağlı məsələ nəzərdən keçirilməlidir. Referendum keçirilərək Naxçıvana verilmiş böyük səlahiyyətlər məhdudlaşdırılmalıdır. Çünki Naxçıvanda kim Ali Məclis sədri postuna təyin olunarsa, onun da Vasif Talıbov kimi bir avtoritara çevrilməsi mümkündür. Dövlət içində dövlət ola bilməz.

 

Teqlər