Azərbaycanda təkadamlıq sistem yaranıb
Hakimiyyətdaxili mübarizə öz kulminasiya nöqtəsinə çatır
Azərbaycanda "hakimiyyətdaxili mübarizə" və "klanlararası rəqabət"in kulminasiya nöqtəsinə çatdığı bildirilir.
SəhərAzəri-nin məlumatına əsasən, hakimiyyətə yaxın media orqanlarında adətən ölkədə problemlərə səbəb kimi qeyd edilən qruplaşmalarda adları çəkilir və hazırda klanlararası mübarizə çərçivəsində arzuolunmaz şəxs sayılan fiqurlar bir-bir yola salınır.
Müstəqil ekspert Ərəstun Oruclu Azərbaycan Respublikasında hakimiyyət bölgüsü prinsipinin işləmədiyini, amma hakimiyyətdaxili qruplaşmaların mövcudluğu vurğulayır.
Siyasi şərhçi Ərəstun Oruclu bu barədə Azadlıq Radiosuna bildirib ki, Azərbaycanda mövcud hakimiyyətin daxilində qruplaşmaların olması tamamilə anlaşılan tendensiyadır: "Ona görə ki, totalitar və avtoritar hakimiyyətlərdə müxalifətin, müstəqil media institutlarının, vətəndaş cəmiyyətinin zəiflədilməsi ona gətirib çıxarır ki, hakimiyyət uğrunda mübarizə hakimiyyətin daxilinə keçir. Azərbaycanda da belə olub".
Azərbaycanda rəsmilər əlbəttə ki, belə fikirləri qəbul etmirlər. Onlar hesab edirlər ki, ölkə sivil, demokratik qaydalarla idarə edilir.
Ə.Oruclunun fikrincə isə, əsas qruplaşmalar arasında gedən mübarizə İlham Əliyevin əlində cəmləşib.
Politoloq hesab edir ki, bu vəziyyət dəyişməyəcək: "İslahatlar da olmayacaq, çünki islahatlar təkcə cavan kadrlardan asılı deyil. Bu cavan kadrlar sadəcə menecerlərdir, icraçılardır. İslahatların aparılması üçün ilk atılmalı olan addım hakimiyyət qanadlarının, heç olmasa, minimal müstəqilliyinin təmin olunmasıdır. Bunların isə getdikcə səlahiyyətləri bir qədər də məhdudlaşdırılır".