Mehr Xəbər Agentliyi Əliyevin aqressiv siyasətindən yazdı
Azərbaycan Ermənistanın bəzi hissələrini işğal etməyə çalışır
İranın Mehr Xəbər Agentliyi İran-Azərbaycan əlaqələri barədə analitik məqalə yayıb.
Məqalədə deyilir: Ötən həftənin sonlarında İslam Şurası Məclisinin sədri sədri Məhəmməd Baqir Qalibaf Asiya Assambleyası Təşkilatının 13-cü iclasında iştirak etmək üçün Türkiyəyə səfər edib. Bu sammit çərçivəsində o, türkiyəli və azərbaycanlı həmkarları ilə ikitərəfli və üçtərəfli görüşlər keçirib. Bu görüşlərdə o, Qafqaz məsələsi və Qarabağda yaranmış vəziyyət, eləcə də regionun sərhədlərinin dəyişdirilməsinə qarşı Tehranın mövqeyi barədə danışıqlar aparıb. Məclis sədri İran İslam Respublikasının bölgənin sərhədlərində hər hansı dəyişikliyi qəbul etmədiyini qətiyyətlə vurğulayaraq, Azərbaycan Respublikası ilə anlaşılmazlıqların olduğunu və bu məsələlərin həll olunduğunu bəyan edib. Bundan başqa, o gələcəkdə Bakıya səfər edəcəyini də açıqlayıb.
Sözsüz ki, qonşu dövlətlərlə bu görüşlər və danışıqlar daha çox yaxınlaşmağa, gərginliyin azaldılmasına və regional əməkdaşlığın səviyyəsinin yüksəlməsinə səbəb ola bilər. Xüsusilə də ona görə ki, strateji Qafqaz regionunda bəzi ölkələr İran İslam Respublikasının geosiyasi nüfuzunu azaltmağa çalışırlar. Amma reallıq ondan ibarətdir ki, təxminən iki il əvvəldən biz sionist rejimin, eləcə də amerikalıların və ingilislərin Qafqaz regionunda mövcudluğu və müdaxiləsinin şahidi oluruq. Türkiyə və Azərbaycan da öz maraqlarını trans-regional hökumətlərlə üst-üstə salaraq NATO-nun Turan dəhlizini formalaşdırmağa çalışırlar.
Məqalədə sonra qeyd olunur: İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın işğal olunmuş əraziləri azad edilib. Amma bundan sonra Bakının müdafiə siyasəti aqressiv strategiyaya çevrildi. Onlar Ermənistanın bəzi hissələrini işğal etməyə çalışırlar. Bakı Ermənistanın Sünik vilayətinin İran sərhədi və Araz çayı yaxınlığındakı hissələrini zorla işğal etmək istəyir. Bu halda Naxçıvana çıxış əldə etməklə birbaşa Türkiyəyə çatacaqlar və Şimal-Cənub tranzit dəhlizinə meydan oxuyacaqlar.
Məqalə müəllifi əlavə edib: Azərbaycan prezidenti bu yaxınlarda etiraf etdi ki, Zəngəzur dəhlizi məsələsində onun üçtərəfli sazişində qeyd olunanlardan daha çox tələbləri var. O konkret olaraq deyib: “Düzdür, orada Zəngəzur dəhlizi" sözü yoxdur. Lakin həmin bəyanatda açıq şəkildə qeyd olunur ki, nəqliyyat əlaqəsi olmalıdır. Geosiyasi ensiklopediyaya Zəngəzur dəhlizi terminini şəxsən mən daxil etdim!”