Fev 18, 2023 21:20 Asia/Baku
  • Azərbaycanın Türkiyəyə göndərdiyi humanitar yardımın həcmi açıqlanıb

Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə əlaqədar Azərbaycanın 17 fevral tarixinədək Türkiyəyə göndərdiyi humanitar yardım açıqlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin sosial media hesabında qeyd edilib ki,humanitar yardım Türkiyəyə 15 təyyarə və 350 yük avtomobili vasitəsilə çatdırılıb.

Humanitar yardım 867 xilasetmə və tibbi personal, 2 ədəd mobil səhra hospitalı, 4873 çadır, 4 səhra mətbəxi, 861 generator, 221 512 ədəd zəruri ləvazimat və məhsul, 302 034 isti geyim, 693 756 dərman və tibbi ləvazimat, 12 505 qızdırıcı və texniki avadanlıq, 21 367 000 AZN daxildir.

Təcili tibbi yardım, yanğınsöndürən, AFAD və rəsmi axtarış-xilasetmə maşınları pulsuz yanacaqla təmin edilib.

"Fiziki şəxslər və ayrı-ayrı şirkətlər tərəfindən göndərilən yardımlar əks olunmayıb", - məlumatda vurğulanır.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub.

Son məlumatlara görə, zəlzələ nəticəsində Türkiyədə 36 187 nəfər dünyasını dəyişib, 108 068 nəfər yaralanıb.

Türkiyənin zəlzələ baş verən 10 şəhərində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

 

 

Teqlər