Qarabağda gərginlik pik həddə çatıb
Azərbaycan və Ermənistan atışmaya görə bir-birini ittiham edirlər
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan hökuməti Qarabağda yaşanan insidentin Azərbaycan Silahlı Qüvvələrinin "diversiya qrupunun hücumu nəticəsində" baş verdiyini iddia edib.
Ermənistan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir ki, Qarabağda dünənki hadisə Azərbaycan diversiya qrupu tərəfindən törədilib.
Ermənistan Xarici İşlər Nazirliyi hesab edir ki, Azərbaycan “Laçın dəhlizini təcrid etməklə yanaşı Dağlıq Qarabağda humanitar fəlakət yaradaraq," Qarabağdakı erməni əhalisinə "qeyri-insani yaşayış şəraiti yaradır”.
Ermənistan XİN-in bəyanatında qeyd olunur ki, Azərbaycanın hərəkətləri faktiki olaraq Bakının regionda sülh və sabitliyin bərqərar olunmasına dair qeyri-səmimiliyini nümayiş etdirir.
Ermənistan Respublikası beynəlxalq ictimaiyyəti, regionda həqiqi sülhün bərqərar olunmasında maraqlı olan ölkələri və beynəlxalq təşkilatları Azərbaycanın güc tətbiq etməsini və güc tətbiq etmə hədəsini, eləcə də dəfələrlə genişmiqyaslı hərbi əməliyyatlar təhrik etmək məqsədilə təxribatılarını pisləməyə və Azərbaycan tərəfindən öz beynəlxalq öhdəliklərinin pozmasının qarşısını almaq üçün fəal addımlar atmağa çağırıb.
Bəyanatda həmçinin yaranmış şəraiti nəzərə alaraq Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı qrupun göndərilməsinin həyati zərurətə çevrildiyi qeyd olunur.
Xatırladaq ki, martın 5-də səhər saatlarında Qarabağda baş vermiş atışma nəticəsində ümumilikdə beş nəfər həlak olub, bir nəfər yaralanıb. Həlak olanlardan ikisi Azərbaycan ordusunun hərbi qulluqçularıdır.