Mart 26, 2023 18:33 Asia/Baku
  • Azərbaycan silah-sursat daşınan yolları nəzarətə götürüb

Azərbaycan Respublikası Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan ordusu Laçın dəhlizinin şimalındakı qanunsuz silah-sursat daşınan yolları nəzarətə götürüb.

Müdafiə Nazirliyinin bəyanatında deyilir: “Laçın yolunun şimalındakı torpaq yollarından qeyri-qanuni fəaliyyətlər üçün istifadənin, eləcə də Ermənistan tərəfindən silah-sursat daşımaqla vəziyyətin gərginləşməsinin və potensial təxribatların törədilməsinin qarşısının alınması məqsədilə Azərbaycan Ordusunun bölmələri tərəfindən lokal zəruri nəzarət tədbirləri həyata keçirilib”

MN-nin bu gün üçün öncəki bəyanatında isə Füzulinin Yuxarı Veysəlli yaşayış məntəqəsi istiqamətində qeyri-qanuni erməni silahlılarının kənd təsərrüfatı işləri adı altında səngər qazıntıları apardığı bildirilmişdi və və qeyd olunmuşdu ki, Azərbaycan ordusu səngər qazıntısı cəhdinin qarşısını alıb.

Rəsmi Yerevan hadisə ilə bağlı hər hansı bir açıqlama yaymayıb.

Martın 24-də Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlı kontingentinə məxsus 1 ədəd ZTR-82A döyüş maşını, ermənilərə məxsus 3 ədəd tentli KamAZ və üzərində yanacaq çəni olan 1 ədəd KamAZ avtomobilinin hərəkətinin texniki müşahidə vasitələri tərəfindən qeydə alındığı barədə məlumat yaymışdı.

Bildirilirdi ki, Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə qanunsuz hərbi daşımaları icra edən kolonun hərəkəti müəyyən edilib.

Qarabağdakı erməni mənbələrinin məlumatına görə isə, bu gün Azərbaycan Silahlı Qüvvələri Xəlfəli-Turşsu yaşayış məntəqələri arasındakı torpaq yolunda müşahidə məntəqəsi qurub. Belə ki, Azərbaycan Silahlı Qüvvələri iki erməni mövqesi arasındakı bu yolda hərəkəti nəzarətə götürüb

 

 

Teqlər