Azərbaycanda şiələrə qarşı represiya davam edir
Son 3 ayda Müsəlman Birliyi Hərəkatının 27 üzvü həbs olunub
SəhərAzəri-nin məlumatına əsasən, Azərbaycanda şiələrə qarşı repressiya çərçivəsində son 3 ayda Müsəlman Birliyi Hərəkatının 27 üzvü həbs olunub. Həbs edilənlərin hamısına saxta narkotik ittihamı verilib. Hərəkat üzvlərindən Samir Babayev də həbs olunanlar arasındadır.
Dindarın xanımı Günel Babayeva deyib ki, həyat yoldaşı Samir Babayev narkotik istifadəçisi və satıcısı deyil. “Tutulanda deyiblər narkotik satdığını boynuna al. İmza çəkməyib, işgəncə veriblər, döyüb təpik vurublar”.
Xatırladaq ki, Azərbaycanda dini inanclıların kütləvi həbsi yanvar ayından – Azərbaycanın İrandakı səfirliyinə silahlı hücumdan sonra başlamışdır.
Həbslərin ikinci dalğası mart ayının birinci yarısında müşahidə olundu. O zaman üç gün ərzində ölkədə 30-dan artıq inanclı narkotik ittihamıyla həbs edildi.
İnanclılara qarşı kütləvi həbslərin sonuncu dalğası isə deputat Fazil Mustafaya qarşı martın 28-də baş vermiş silahlı hücumdan sonra başlayıb. Rəsmi Bakı bu hadisədə İranın rolunu açıq şəkildə bəyan edib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, Fazil Mustafaya qarşı terror aktının istintaqının ilkin izləri hadisənin İrana dəlalət etdiyini göstərir.
“Müdafiə Xətti” insan haqları təşkilatının icraçı direktoru Rüfət Səfərov Meydan TV-yə bildirib ki, Azərbaycanda inanclıların kütləvi həbsinin İranla münasibətlərin kəskinləşməsi fonunda həyata keçirilməsi açıq-aşkar görünür. Hüquq müdafiəçisinin sözlərinə görə, faktiki bir dövlət başqa bir dövlətlə pis münasibətlərinə görə öz vətəndaşına zülm eləyir ki, bu da yolverilməzdir.