QMİ sədri Əliyev rejiminin İran əleyhinə apardığı siyasəti dəstəkləyir yoxsa?
O çıxışında bildirib ki:
Azərbaycan torpaqlarının 30 ilə yaxın erməni işğalında olduğu dövrdə Qarabağdakı məscid və məbədlərin dağıdılmasına, onların vandalizmə məruz qalmasına, islamda haram buyurulan heyvanlar saxlanılmaqla həqarət olunmasına, xalqımıza qarşı etnik təmizləmə və terrora susqun qalanların, Xocalıda, Ağdabanda azərbaycanlılara qarşı soyqırım törədən faşist, islamofob Ermənistana dəstək verən, separatçılara yardım edənlərin dini dəyərlərin təəssübkeşi kimi danışmağa haqqı yoxdur. Ölkəmizin Tehrandakı səfirliyinə insan qətli ilə nəticələnən terror hücumu, dövlət atributlarımıza qarşı hörmətsizlik, Konstitusion quruluşumuza qarşı təxribatçı xarakterli təbliğat, siyasi-ictimai xadimlərimizin hədəf alınması insani və beynəlxalq hüquq normalarına zidd hallardır.Azərbaycana qarşı işğalçılıq siyasəti həyata keçirən, müsəlman qonşusuna təcavüz edən, əli müsəlman qanına bulaşmış zalım Ermənistana İran İslam Respublikasının hərtərəfli dəstəyi, qədim Azərbaycan məskəni Qafanda konsulluq açması, hər iki tayında yaşayan azərbaycanlılar üçün müqəddəs olan Araz çayı boyunca hərbi təlimlər keçirməsi, işğalçı, qəsbkar Ermənistanın təhlükəsizliyini öz təhlükəsizliyi ilə bərabər tutması Ermənistanı yeni müharibəyə cəsarətləndirmək, revanşizmə kökləməkdir və açıq anti-Azərbaycan siyasətinin tərkib hissəsidir. Bütün bunlar Azərbaycan cəmiyyəti tərəfindən qəbul edilmir və qətiyyətlə qınanılır.