Apellyasiya Məhkəməsi dini fəalı həbsdə saxlayıb
Mayın 10-da Bakı Apellyasiya Məhkəməsində dini fəal Murad Abdullayevin narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbsindən verilmiş şikayətə baxılıb.
Fəalın bacısı Arzu Abdullayevanın Turan-a verdiyi məlumata görə, məhkəmə şikayəti təmin etməyib, fəalı həbsdə saxlayıb.
Mayın 11-də Abdullayevin ev dustaqlığına köçürülməsindən imtina ilə bağlı verilmiş şikayətə baxılacaq.
Bacısının sözlərinə görə, Abdullayev vəkilə bildirib ki, hələ də 15 məhbusla birlikdə sıx kamerada saxlanılır.
M.Abdullayev martın 9-da saxlanılıb. Ona qarşı narkotiklə bağlı ittiham irəli sürülüb.
M.Abdullayev "Azərbaycan Siyasi Məhbuslarına Azadlıq" İttifaqının aprelin 20-də dərc etdiyi siyasi məhbus siyahısına salınıb.
Hüquq müdafiəçilərinin məlumatına görə, fevral-mart aylarında Azərbaycanda ən azı 89 dindar siyasi motivli ittihamlarla həbs edilib, onlar narkotik maddələrin qanunsuz dövriyyəsində ittiham olunurlar.