May 16, 2023 19:16 Asia/Baku
  • “Dağlıq Qarabağ Paşinyanın atasının ferması deyil ki, onu kiməsə versin”

Avropa Şurasının prezidenti Şarl Mişelin ərazi bütövlüyü məsələsi ilə bağlı Paşinyanın öhdəlik götürdüyünü bildirməsi Ermənistan müxalifətini hiddətləndirib.

“Ermənistan” müxalifət fraksiyasından olan deputat Artur Xaçaturyan jurnalistlərə açıqlamasında bildirib ki, Avropa İttifaqı rəhbərinin bu bəyanatı ilə faktiki olaraq Dağlıq Qarabağ Azərbaycan ərazisinin bir hissəsi kimi tanınır.

Müxalifətçinin sözlərinə görə, Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tam tanıyır, lakin baş nazir yalnız belə bir ehtimala eyham vurubsa, Mişel bunu açıq mətnlə bəyan edib.

Artur Xaçaturyan iddia edib ki, hökuməti başçısının belə hüquqları yoxdur, çünki 1992-ci il iyulun 8-də Ermənistan Ali Soveti Dağlıq Qarabağ ərazisinin Azərbaycan Respublikasının bir hissəsi kimi tanınması barədə hər hansı sənədin imzalanmasına qadağa qoyulan sənəd qəbul edib. Bundan başqa, Dağlıq Qarabağ Paşinyanın atasının ferması deyil və onu heç kimə verməyə haqqı yoxdur. Üstəlik, Qarabağ erməniləri dəfələrlə bəyan edib ki, öz müqəddəratını özü həll edəcəkdir.

Xaçaturyan əlavə edib ki, Ermənistan həmişə Azərbaycanın ərazi bütövlüyünü tanıyıb, lakin Dağlıq Qarabağ bu kontekstdə deyil.

Xatırladaq ki, mayın 14-də Aİ rəhbəri Şarl Mişel tərəflərin bir-birinin ərazi bütövlüyünü tanıdığını bildirib. O, xüsusilə Ermənistanın 29,8 min kv.km ərazisini Ermənistan, keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin də daxil olduğu 86,600 kv.km ərazini isə Azərbaycan ərazisi adlandırıb.

 

Teqlər