Azərbaycanda 107 min insan ‘müasir kölə’ kimi yaşayır
“Qlobal köləlik indeksi”nə dair yeni bilgilər açıqlanıb. Bu indeksi Beynəlxalq Əmək Təşkilatı, Walk Free Fondu və Beynəlxalq Miqrasiya təşkilatı hazırlayır.
“Müasir köləlik” deyərkən, məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alverinin qurbanı olmaq, seksual istismar və eləcə də məcburi nikah halları nəzərdə tutulur.Başqa deyimlə, bu halları yaşayan şəxslər “müasir kölə” sayılır. Hesabatda vurğulanır ki, klassik köləlikdən fərqli olaraq, müasir köləlik bir insanın başqa bir insanın mülkiyyəti olmasından daha çox, şərait və iqtisadiyyatın köləsi olmaq kimi anlaşılır.
Adıçəkilən hesabatda Azərbaycanla bağlı göstəricilərə də yer verilib. Həmin rəqəmlərə görə, ölkədə hər min nəfərə düşən müasir köləlik göstəricisi 10.6-dır. Bu o deməkdir ki, Azərbaycanda 107 min nəfər müasir köləlikdən əziyyət çəkir.
Başqa deyimlə, o sayda insan məcburi əməklə məşğul olmaq, borca işləmək, insan alverinin qurbanı olmaq, seksual istismar və eləcə də məcburi nikah halları kimi duruma məruz qalır. Azərbaycanın göstəricisi yerləşdiyi bölgədə ən yüksəklərdən sayıla bilər. Avropa və Mərkəzi Asiya bölgəsindəki toplam 47 ölkə arasında Azərbaycan müasir köləlik göstəricisinin ən yüksək olduğu 10-cu ölkədir.
Azərbaycanla eyni regionda yerləşən Ermənistan və Gürcüstanda mövcud durum Azərbaycanla müqayisədə nisbətən yaxşıdır. Ermənistanda əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 8.9-dur və Azərbaycanla müqayisədə 16 faiz azdır. Güney Qafqazda ən yaxşı nəticə Gürcüstana aiddir. Burada əhalinin hər min nəfərinə düşən müasir köləlik göstəricisi 7.8-dir və Azərbaycanla müqayisədə 26 faiz azdır.
Azərbaycanda müasir köləlik çərçivəsində qiymətləndirilən halların bir çoxu barədə dolğun bilgilər açıqlanmır.
ABŞ Dövlət Departeminin insan alveri ilə bağlı ötənilki hesabatında bildirilir ki, insan alverçiləri Azərbaycanda yerli və əcnəbi qurbanları istismar edir, eləcə də Azərbaycandan olan qurbanları xaricdə istismar edirlər.
İnsan alverçiləri azərbaycanlı kişi və oğlanları ölkə daxilində, Qətər, Rusiya, Türkiyə və Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) məcburi əməyə cəlb edirlər.
Adıçəkilən indeks sadalanan hallara dünyanın 160 ölkəsində məruz qalan şəxslərin sayını hesablamağa çalışır. İndeksə iki əsas reytinq göstəricisi daxil edilir. Bunlar toplam əhali sayı içində kölələrin faizi və kölə kimi yaşayanların ümumi sayıdır.
Hesabatın nəticələrinə görə, hazırda dünyada 50 milyona yaxın insan “müasir kölə” sayıla bilər. Bu o deməkdir ki, dünya əhalisinin, az qala, hər 150 nəfərindən biri müasir kölə durumundadır. Bu 50 milyon “kölə”nin 27 milyon 600 min nəfəri zorla çalışdırılan şəxslər, yerdə qalanı zorla evləndirilənlərdir. Deməli, zorla çalışdırılmaq və zorla evləndirilmək indi müasir köləliyin ən geniş yayılmış biçimləridir.